Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Operativ Media xəbər verir ki, təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi xalqımızın milli-mənəvi və mütərəqqi islami dəyərlərini özündə yaşadan Novruz bayramı və mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verdiyi kimi, müqəddəs Ramazan bayramı da xalqımızın humanizm prinsiplərinə sadiqliyini, mərhəmət və mənəvi kamillik dəyərlərini özündə təcəssüm etdirir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrimizi qoruyub saxlayıb. Tarixin ən sərt mərhələlərində belə xalqımız Novruzun gəlişini, müqəddəs Ramazan bayramını özünəməxsus coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edib. Odlar yurdu Azərbaycanda Novruz və Ramazan bayramlarının ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsidir.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil respublikamızda vətəndaş həmrəyliyinə nail olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Prioritet istiqamətlərdən hesab edilən ölkəmizin hərbi qüdrətinin və ordumuzun peşəkarlığının daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən islahatların əsas hissələrindəndir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artmış, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.
Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın inamlı və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsində parlaq Qələbə qazandıq, respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdik.
Ötən il Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasında mühüm rol oynayacaqdır.
Rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə Vətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslı bərpa-quruculuq işlərinin icrasına layiqli töhfələr verməkdədir.
Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bötövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz və Ramazan bayramları ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhidlərin valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları əlamətdar günlər münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu mübarək bayramlar gəlişi ilə ölkəmizə əmin-amanlıq, ailələrimizə xoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz və Ramazan bayramlarınız mübarək olsun!”.