Zəmanət müddətində olan məhsul təmir edilməzsə, istehlakçı hansı hüquqlara malikdir?
Zəmanət müddətində alınan məhsulun nasazlaşması istehlakçıların tez-tez üzləşdiyi problemlərdən biridir. Belə hallarda məhsulun vaxtında təmir olunmaması və ya nasazlığın aradan qaldırılmaması alıcıların hüquqları ilə bağlı suallar yaradır. Bəs zəmanət müddətində olan məhsul təmir edilməzsə, istehlakçı hansı hüquqlara malikdir və qanunvericilik bu vəziyyətdə hansı təminatları nəzərdə tutur?
Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov danışıb.
O bildirib ki, istehlakçılar üçün aldıqları məhsulun zəmanət müddətini və bu müddət ərzində malik olduqları hüquqları bilmək son dərəcə vacibdir. Hüquqların tanınması, keyfiyyətsiz və ya saxta məhsul hallarında maddi zərərin qarşısını almağa, satıcı və istehsalçılardan ədalətli şəkildə tələb irəli sürməyə imkan verir:
“Məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır.
Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda istehlakçı hüquqlarının təmini və onların qorunması haqqında müxtəlif müddəalar mövcuddur. Həmçinin Qanunun 3-cü maddəsində bizim istehlakçı qismində hansı hüquqlara malik olduğumuz da təsbit olunmuşdur. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
- malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
- qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
- ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
Həmçinin Qanunun 7-ci maddəsinə əsasən, İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
- lazımi keyfiyyətli mala dəyişdirməyi;
- satış qiymətini uyğun məbləğdə azaltmağı;
- malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.
İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır”.