Əmək müqaviləsi bağlanmadan işləyən işçi öz hüquqlarını tələb edə bilər?
Əmək müqaviləsi yazılı formada bağlanmasa belə, şəxs faktiki olaraq işə cəlb edilibsə, onun hüquqlarının qorunması qanunvericiliklə təmin edilir. İşəgötürən işçini əmək müqaviləsi olmadan işlətmək hüququna malik deyil və bu, qanun pozuntusu hesab edilir. Təəssüf ki, praktikada bəzi işəgötürənlər vergi və sosial öhdəliklərdən yayınmaq məqsədilə işçiləri qeyri-rəsmi işlədirlər. Bu isə işçinin əməkhaqqı, məzuniyyət, sosial sığorta və digər hüquqlarını risk altına qoyur.
Bu sözləri Operativ Media-ya vəkil Ramil Vəliyev deyib.
O bildirib ki, əmək müqaviləsi bağlanmasa belə, işçi faktiki işlədiyini müxtəlif sübutlarla təsdiq edə bilər:
“Məsələn, şahid ifadələri, yazışmalar, elektron məktublar, iş qrafikləri, əməkhaqqının bank və ya nağd ödənilməsini göstərən sübutlar, video görüntülər və digər sənədlər məhkəmə tərəfindən qiymətləndirilə bilər. Əgər məhkəmə faktiki əmək münasibətlərinin mövcud olduğunu müəyyən edərsə, işçi ödənilməmiş əməkhaqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və digər əmək hüquqlarının təmin edilməsini tələb edə bilər.
Bundan əlavə, işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək qanunsuz əmək münasibətlərinin araşdırılmasını tələb edə bilər. Aparılan yoxlama nəticəsində işəgötürən inzibati məsuliyyətə cəlb oluna bilər. Ayrı-ayrı hallarda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması daha ciddi hüquqi nəticələr də yarada bilər.
Qeyd etmək lazımdır ki, işçinin əmək müqaviləsinin rəsmiləşdirilməməsində təqsiri olmadığı hallarda, bu səbəbdən onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Əksinə, qanun işçinin daha zəif tərəf olduğunu nəzərə alaraq onun müdafiəsini təmin etməyə çalışır. Buna görə də “müqavilə yoxdur” arqumenti işəgötürəni əmək qanunvericiliyindən irəli gələn öhdəliklərdən azad etmir.
Nəticə etibarilə, əmək müqaviləsi bağlanmadan işləyən şəxs də öz hüquqlarını tələb etmək imkanına malikdir. Belə hallarda əsas məsələ faktiki əmək münasibətlərinin mövcudluğunu sübut etməkdir. İşçilərə tövsiyə olunur ki, əmək fəaliyyətinə başlamazdan əvvəl əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alındığını yoxlasınlar. İşəgötürənlər isə əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməli, əks halda hüquqi məsuliyyət daşıya biləcəklərini nəzərə almalıdırlar”.