Rəhman Daşdəmirov: Çox istəyərəm ki, heyətdə azərbaycanlı futbolçular çox olsun
"İnanıram ki, oradakı oyunda ələ düşən fürsətləri qaçırmayıb, mərhələni keçəcəyik"
Bunu Operativ Media-ya açıqlamasında "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov deyib.
Milli futbolçu Finlandiyanın "KuPS" komandası ilə ilk oyun haqda fikirlərini bölüşüb:
"Çətin oyun oldu. Rəqib çox yaxşı komandadır, nə istədiyini bilən, kollektiv oyun oynayan kollektivdir. Çoxlu 100 faizli qol epizodlarımız oldu, istifadə edə bilmədik. İnanıram ki, oradakı oyunda ələ düşən fürsətləri qaçırmarıq, inşallah, qələbə qazanıb turu keçərik".
O, heyətdə azərbaycanlı futbolçuların çox olmasını istədiyini qeyd edib:
"Meydana start heyətində çıxan azərbaycanlı futbolçu olmaqla qürur duyuram. Çox istəyərəm ki, heyətdə azərbaycanlı futbolçular çox olsun. Çünki biz bunu bacarırıq, inanmaq lazımdır. İnşallah, əlimdən gələni edəcəyəm ki, daimi əsas heyətdə olum".
Rəhman 3-cü təsnifat mərhələsində qarşılaşacaqları potensial rəqibləri barədə də danışıb:
"Çempionlar Liqasının III təsnifat mərhələsindəki ehtimal olunan rəqiblər barədə hələ ki heç bir fikir söyləmək istəmirəm. Əsas rəqib "KuPS"dur. İnşallah, bu rəqibi keçəndən sonra həmin rəqib haqda düşünmək olar. Bu dəqiqə bütün fikrimiz qarşıdakı oyundadır".