Emin Əmrullayev: Təhsildə özünü tənqid etmək və problemləri qəbul etmək vacibdir
“Təhsil sistemində əsas diqqət bir-birini tərifləməyə deyil, mövcud problemləri müəyyənləşdirib həll etməyə yönəlməlidir. Özünü tənqid etmək və problemləri qəbul etmək inkişaf üçün vacibdir”.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsilin əsas məqsədi şagirdlərin öyrənməsidir. Onun sözlərinə görə, müəllim ayrılmış 45 dəqiqə ərzində dərsin nəzərdə tutulan təlim nəticələrini şagirdlərə çatdırmalıdır. Əsas məsələ isə dərsin, günün, ayın və yarımilin sonunda şagirdlərin həqiqətən öyrənib-öyrənmədiyini müəyyənləşdirməkdir.
Emin Əmrullayev qeyd edib ki, təhsillə bağlı ictimai müzakirələrdə əsas diqqət şagirdlərin öyrənməsinə və onların daha yaxşı necə öyrədilməsinə yönəlməlidir.
“Şagirdlərin kənarda qalaraq daha çox böyüklərin problemlərinin müzakirə olunması təhsilin mahiyyətinə uyğun deyil”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, təhsilin mərkəzində şagird dayanır və məktəbdə əsas müzakirə mövzusu da şagirdlərin öyrənib-öyrənməməsi olmalıdır.
dəqiqələr içində saytın olsun.