Azərbaycanın gənc badmintonçuları beynəlxalq inkişaf düşərgəsində iştirak ediblər
Azərbaycanın gənclərdən ibarət badminton millisinin üzvləri Misirin paytaxtı Qahirədə təşkil olunan “BWF Youth Athlete Development Camp 2026” beynəlxalq inkişaf düşərgəsində iştirak ediblər.
Operativ Media xəbər verir ki, Dünya Badminton Federasiyası (BWF) tərəfindən təşkil olunan iki günlük inkişaf proqramına 15 ölkədən 95-dən çox gənc badmintonçu qatılıb.
Proqram çərçivəsində “Shuttle Time Youth Leadership” (Gənclərin liderlik bacarıqlarının inkişafı) və Beynəlxalq Olimpiya Komitəsinin “IOC Athlete365+ Self-Discovery” (Özünü tanıma və şəxsi potensialın kəşfi) adlı təlimləri keçirilib.
Seminarlarda gənc idmançıların liderlik, ünsiyyət və komanda işi bacarıqlarının inkişafı, şəxsi potensiallarının müəyyənləşdirilməsi və gələcək karyera imkanları əsas diqqət mərkəzində olub. İştirakçılar nəzəri məşğələlərlə yanaşı, texniki və taktiki hazırlığa yönəlmiş praktiki məşqlərə də qatılıblar.
Beynəlxalq inkişaf düşərgəsi gənc badmintonçularımıza yeni bilik və bacarıqlar qazanmaq, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.
Azərbaycanı Qahirədə Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadədən ibarət gənclər millisi təmsil edib.
Badmintonçularımız Qahirədə keçirilən “VICTOR BWF World Junior Team Championships 2026” komandalararası dünya çempionatında da mübarizə aparıblar. Millimiz qrup mərhələsində İndoneziya (0:2) və Şri-Lankaya (0:2) , pley-off qarşılaşmalarında isə Qana (1:2) və Bolqarıstana (0:2) məğlub olub. Sloveniya (2:1) və Zambiya (2:0) yığmaları üzərində qələbələr qazanan komandamız dünya çempionatını ümumi sıralamada 40-cı pillədə başa vurub.