Menyu

Deputat: Ordumuzun qanunları NATO standartlarına uyğunlaşdırılmalıdır

Operativ Media
Deputat: Ordumuzun qanunları NATO standartlarına uyğunlaşdırılmalıdır
2 dəq oxu

Təqdim olunan qanun layihəsi vacibdir və bir sıra sahələri əhatə edir. Hesab edirəm ki, bu qanun layihəsinin qəbul olunması ordumuzun güclənməsinə və onun intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. 

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, intellektual səviyyəsi yüksək olan ordunun gücü digər ordularla müqayisədə daha yüksək olur. İstər texnikaların idarə olunmasında, istərsə də digər məsələlərdə bu, vacib şərtlərdən biridir:

“Təbii ki, burada çıxış edən deputat həmkarlarımın fikirləri ilə razıyam. Bununla belə, bir neçə məsələyə toxunmaq istəyirəm.

Birinci məsələ ondan ibarətdir ki, bütün müharibə və döyüşlərin əsas aparıcı faktoru insan faktorudur. 44 günlük Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında və suverenliyinin bərpasında biz şahidi olduq ki, qəhrəman Azərbaycan əsgərinin rolu əvəzolunmazdır. Hansı texnikadan istifadə olunmasından asılı olmayaraq, insan faktoru aparıcı rol oynayır. Ordunun əsasını insan faktoru təşkil edir. Bu baxımdan, hərbçilərin seçilməsi və toplanması, onların rütbələrinin artırılması, müxtəlif təlimlərin və tədris proseslərinin təşkili insan faktorunun daha da zənginləşməsinə xidmət edən amillərdəndir.

İkinci məsələ ordudakı xidmət növləri ilə bağlıdır. Bizdə ordu hissələrində xidmət edənlər əsasən iki qrupa bölünür: çağırış əsasında hərbi xidmət keçənlər və müqavilə əsasında xidmət edənlər. Bu qanun layihəsinə təklif olunan düzəlişlərdən belə aydın olur ki, dəyişikliklər əsasən çağırış əsasında hərbi xidmət keçənlərə şamil olunacaq. Müqavilə əsasında xidmət edənlərin isə müqavilələrində xidmət müddətində alacaqları əməkhaqqı, gələcəkdə tutacaqları vəzifələr və digər şərtlər artıq göstərilir.

Üçüncü məsələ təhsilin formaları ilə bağlıdır. Burada magistratura, doktorantura və digər təhsil pillələri nəzərdə tutulur. Hesab edirəm ki, bu istiqamətdə yalnız ordu ilə əlaqəsi olan sahələr nəzərə alınmalıdır. Məsələn, filologiya və ya fəlsəfə üzrə magistr təhsilinin orduya hansı aidiyyəti var? Hərbi qulluqçu orada fəlsəfə dərsi deyəcək, yaxud filologiya üzrə magistr təhsili almış şəxs əsgərlərə şeir oxuyacaq? Riyaziyyat, fizika, kimya, coğrafiya və digər sahələr var ki, bunlar orduda həm texnikadan istifadə baxımından, həm də gələcək fəaliyyət istiqamətlərinin davam etdirilməsi üçün vacibdir. Ancaq elə sahələr də var ki, onların bu sistemdə nəzərə alınması və tətbiqi ayrıca tənzimlənməlidir.

Ən vacib məsələlərdən biri isə hərbi xidmət keçmə haqqında əsasnamənin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun yenidən hazırlanmasıdır. Biz hər iclasda bu qanunlara əlavələr və dəyişikliklər edirik, onları qəbul edirik. Hesab edirəm ki, yeni Vətən müharibəsindən sonra yeni qanun layihəsi hazırlanmalı və müasir standartlara uyğunlaşdırılmalıdır.

Məsələn, elm sahəsi ilə bağlı qanun layihəsi hələ qəbul olunmayıb. Biz onu dəfələrlə gündəliyə salırıq və qəbul olunacağını gözləyirik. Elm haqqında qanunda yarı sosialist, yarı kapitalist yanaşması mövcuddur: əvvəlki sistemdən qalan müddəalar da saxlanılır, yeniləri də əlavə olunur. Burada da müəyyən məsələlər var ki, həm köhnə müddəalar qüvvədə qalır, həm də onların yerinə yeniləri tətbiq edilir.

Ona görə də hesab edirəm ki, əgər ordumuzu NATO standartlarına uyğunlaşdırırıqsa və bu standartlar əsasında qururuqsa, onun nizamnaməsi, hərbi xidmət keçmə haqqında əsasnaməsi və qanunları da həmin standartlara cavab verməlidir. Ordu quruculuğu və hərbi xidmətlə bağlı məsələlər bu standartlara uyğun qanunvericilik müddəaları əsasında formalaşdırılmalıdır”.

Əlaqəli Xəbərlər