Menyu

Deputat: Azərbaycan müharibəyə deyil, dayanıqlı sülhə hazırlaşır

Operativ Media
Deputat: Azərbaycan müharibəyə deyil, dayanıqlı sülhə hazırlaşır
1 dəq oxu

Məlumdur ki, bütün dünyada, xüsusilə də Qafqaz kimi mürəkkəb coğrafi bölgələrdə hərbi xidmət, hərbi sistem və hərbçilərlə bağlı qanunvericilik aktları, əslində, sülh və sabitliyin indikatoru hesab olunur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son vaxtlar parlamentdə qəbul edilən bir sıra qanun layihələri ilk növbədə onu göstərir ki, biz müharibəyə deyil, dayanıqlı sülhə hazırlaşırıq. Bunun təminatını isə daha peşəkar müstəviyə keçiddə görürük:

“O cümlədən bu layihə cənab İlham Əliyevin liderliyi ilə bölgədə formalaşan sülh və sabitlik konfiqurasiyasının davamlılığını öz gücümüz hesabına qorumağa olan inamımızın ifadəsi kimi qiymətləndirilməlidir.

Düzdür, Ermənistanın son davranışları göstərir ki, bu ölkə sülhə o qədər də meyilli deyil. Ermənistan faktiki olaraq yekun sülh müqaviləsindən yayınır. Bununla belə, başqa bir dəyişməyən reallıq da var: Ermənistan heç vaxt sülh tərəfdarı olmayıb. “Yeni müharibə – yeni ərazilər” ideologiyasının müəllifi məhz Paşinyan hökuməti olub. Yəni Paşinyan əvvəlki dövrün uşaq qatillərindən daha sülhpərvər olmayıb.

Bugünkü sabitlik və inkişafı ehtiva edən sülh konfiqurasiyası cənab İlham Əliyevin təşəbbüsü əsasında qurulub. Bu gün sərhədlərdə və şərti sərhədlərdə silahlar susubsa, bu, məhz Azərbaycan liderinin iradəsinin və onun Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan böyük zəfərlərimizin nəticəsidir.

Bu reallığın qorunması üçün güclü olmağa məhkumuq. Bildiyiniz kimi, postmüharibə dövründə Azərbaycan Ordusunun maddi-texniki bazası köklü şəkildə gücləndirilib, hərbi büdcəmiz isə hər il artır. Xüsusilə peşəkar kadrların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində aydın siyasi kurs mövcuddur.

Hazırkı layihə də bu hədəfin normativ bazasının formalaşdırılmasında mühüm mərhələdir. Bu, bir daha deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri inkişaf edir və istənilən vəzifəni istənilən şəraitdə əvvəlkindən daha yüksək səviyyədə yerinə yetirmək potensialına malikdir.

Dəyişikliklərin daha təkmil ordu quruculuğuna kömək edəcəyini və hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcəyini nəzərə alaraq, layihənin dəstəklənməsini zəruri hesab edirəm”.

Əlaqəli Xəbərlər