Milli Məclisdə hakimlərin və polis əməkdaşlarının maaşlarının artırılması təklif edilib
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və ehtiyatda olan hərbçilərin mənzil təminatı ilə bağlı məsələlərin dəqiqləşdirilməsini, həmçinin hakimlərin, polis və ədliyyə orqanları əməkdaşlarının əməkhaqlarının artırılmasını təklif edib.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, büdcə zərfində Azərbaycanda neçə şəhid ailəsi və müharibə əlilinin mənzil növbəsində olduğu, son altı ildə onlardan neçəsinin mənzillə təmin edildiyi barədə məlumat əks olunmayıb. O, 2027-ci ildə bu məqsədlə ayrılan vəsait hesabına neçə mənzilin tikiləcəyinin və neçə nəfərin mənzillə təmin olunacağının açıqlanmasını istəyib.
Qüdrət Həsənquliyev 20 Yanvar əlillərinin mənzil təminatı məsələsinə də toxunub. O bildirib ki, hələ də mənzillə təmin olunmayan şəxslər var və bu problemin nə vaxt həll ediləcəyi barədə dəqiq məlumat verilməlidir.
Deputat ehtiyatda olan hərbçilərin mənzil təminatı üçün ayrılan 30 milyon manatın da kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, hazırda neçə ehtiyatda olan hərbçinin mənzil növbəsində olduğu, hər il nə qədərinin mənzillə təmin edildiyi və növbənin hansı müddətə aradan qaldırılacağı məlum deyil.
O, hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsi variantının da nəzərdən keçirilməsini təklif edib. Qeyd edib ki, bu halda hərbçilər yaşayış yerini özləri seçə, istədikləri ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər.
Çıxışında korrupsiyaya qarşı mübarizəyə də toxunan deputat hüquq-mühafizə orqanlarında, məhkəmə və ədliyyə sistemində çalışanların əməkhaqlarının artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, ali təhsilli polis zabitlərinin 700-800 manat maaş alması mövcud yaşayış xərcləri və xidmət yükü nəzərə alınmaqla aşağıdır. Hakimlərin, polis əməkdaşlarının, ədliyyə və Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan əməkdaşlarının da maaşlarının artırılmasına ehtiyac var.
Qüdrət Həsənquliyev SOCAR-ın xarici investisiyalarına da münasibət bildirib. O, şirkətin Türkiyəyə yatırdığı vəsaitin 20 milyard dollara yaxın olduğunu, Petkim şirkətinə əlavə 5-7 milyard dollar investisiya yatırılmasının nəzərdə tutulduğunu xatırladaraq, bu investisiyaların əsaslandırılması və Azərbaycanda yatırılan vəsaitin həcmi barədə məlumat verilməsini istəyib. Deputat bildirib ki, dövlət investisiyalarının ölkədə yeni iş yerlərinin açılmasına necə töhfə verdiyi də büdcə zərfində əks olunmalıdır.
O, həmçinin kommunal infrastrukturun vəziyyətinə diqqət çəkib. Qüdrət Həsənquliyev çoxmərtəbəli binaların zirzəmilərinin kanalizasiya suları ilə dolması, həyətlərin abadlaşdırılmasına ehtiyac və küçə itləri üçün sığınacaqların yaradılması məsələlərinin həlli məqsədilə büdcədə vəsait nəzərdə tutulmasını təklif edib.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərcləri üçün 15 milyon manat, yaşayış yeri olmayan hərbi qulluqçulara kirayə kompensasiyasının ödənilməsi üçün isə 14,7 milyon manat ayrılması nəzərdə tutulub.
Bundan başqa, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcək.