Deputat: Zabitlərə mənzil əvəzinə ipoteka üçün maliyyə vəsaiti ayrılması təklifinə baxılmalıdır
“Orduya savadlı və istedadlı gəncləri cəlb etmək üçün hərbi qulluqçuların sosial təminatı, xüsusilə mənzil məsələsi diqqətdə saxlanılmalıdır”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Qaya Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait regiondakı mövcud təhdidlər fonunda tam əsaslıdır. Onun sözlərinə görə, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması ilə yanaşı, hərbi qulluqçuların hazırlığı və motivasiyasının gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Qaya Məmmədov müasir dövrdə müharibə aparma qaydalarının sürətlə dəyişdiyini, yüksək texnologiyalı vasitələrin həm Azərbaycan, həm də potensial rəqib ölkələrin ordularında tətbiq olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu səbəbdən orduya daha çox savadlı və istedadlı gəncin cəlb edilməsi vacibdir.
Deputat Milli Müdafiə Universitetinə qəbul olunan müdavimlərin bal göstəricilərinin ildən-ilə artmasını müsbət hal kimi qiymətləndirib.
Mənzil təminatı məsələsinə toxunan Qaya Məmmədov bildirib ki, hazırda Azərbaycanda zabitlərə müəyyən müddət xidmət etdikdən sonra hazır mənzillər verilir. Lakin onun fikrincə, orta perspektivdə bu mexanizmin dəyişdirilməsi imkanları nəzərdən keçirilməlidir.
O, bəzi ölkələrin təcrübəsinə diqqət çəkərək hərbi qulluqçulara xidmətlərinin əvvəlində mənzil almaq üçün maliyyə vəsaiti və ya ipoteka dəstəyi göstərilməsi modelinin tətbiqini təklif edib.
Deputat hesab edir ki, bu mexanizm əlavə büdcə vəsaiti tələb etmədən, mövcud təminat sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər.
Qaya Məmmədov qeyd edib ki, belə bir yanaşma hərbi qulluqçulara yaşamaq istədikləri ərazidə və öz seçimlərinə uyğun daşınmaz əmlak əldə etmək imkanı verər, həmçinin müxtəlif ərazilərdə təqdim olunan mənzillərin bazar dəyəri və keyfiyyəti ilə bağlı sualları aradan qaldıra bilər.