Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb
Ev təsərrüfatlarında beş sahə üzrə uçotun aparılması ümumi daxili məhsulun daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin həyata keçirilməsinə xidmət edir, bu, ailələrin bütün aktivlərinin vergiyə və digər ödənişlərə cəlb olunması məqsədi daşımır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən 100 faizlik gəlir və mənfəət vergisi güzəştinin 90 faizə endirilməsi ilə bağlı dəyişikliklər də ictimai müzakirələrə səbəb olub.
Deputat vurğulayıb ki, ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi güzəştlərinin dəyişdirilməsi fərqli məsələlərdir. Onun sözlərinə görə, aidiyyəti qurumlar yeni uçot qaydalarının mahiyyətini və məlumatların hansı məqsədlə istifadə olunacağını əhaliyə ətraflı izah etməlidir.
Zahid Oruc çıxışında büdcənin gəlirlərinin artırılması və vergi borclarının yüksəlməsi məsələlərinə də toxunub. O qeyd edib ki, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ayda artım 939,3 milyon manat və ya 28,4 faiz təşkil edib.
Deputat dövlət sektoruna aid ödəyicilərin vergi borclarının da artmasına diqqət çəkib. Bildirib ki, dövlət sektorunun vergi borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. O, özəl sahibkarlardan vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi tələb olunduğu kimi, dövlət müəssisələrinin borclarına da eyni prinsiplə yanaşılmasının vacibliyini vurğulayıb.
Zahid Oruc dövlət investisiya layihələrinin icrasında gecikmələrin də büdcə müzakirələrində diqqətdə saxlanılmalı olduğunu bildirib. Onun sözlərinə görə, 2025-ci ildə əsaslı xərclər nəzərdə tutulandan 2 milyard 803 milyon manat az icra edilib, 2026-cı ildə isə 800 milyon manatdan artıq vəsaitin icrasız qalacağı gözlənilir. Deputat 2026-cı ilin ilk doqquz ayında 26 sifarişçi təşkilatın 76 investisiya layihəsi üzrə nəzərdə tutulan 295,3 milyon manat vəsaitin heç birinin ödənilmədiyini qeyd edib.
O, səhiyyə sistemində idarəetmənin yenidən birləşdirilməsinin tibbi xidmətlərin keyfiyyətinə təsirinin qiymətləndirilməsinin, xəstələrin dövlət tibb müəssisələrindən özəl klinikalara göndəriş alması ilə bağlı çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.
Deputat, həmçinin kənd yaşayış məntəqələrində məktəb, tibb məntəqəsi, poçt və bank xidmətlərinin qorunmasının əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, kəndlərdə əhalinin azalması sosial xidmətlərin əlçatanlığını zəiflədir və bu proses ailələrin həmin ərazilərdən köçməsini sürətləndirə bilər.
Zahid Oruc sərt iqlim şəraitində yerləşən dağlıq və sərhədyanı kəndlərdə yaşayan ailələr üçün kommunal tariflərə fərqli yanaşmanın tətbiqini təklif edib. Onun fikrincə, belə ərazilərdə qaz və elektrik enerjisi üzrə istehlak limitləri ləğv edilməli, güzəştli tariflər tətbiq olunmalı, həmin kəndlərdə çalışan müəllim və həkimlər üçün əlavə ödəniş əmsalları müəyyənləşdirilməlidir.
Deputat sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi məqsədilə ayrıca dövlət proqramının qəbul edilməsini də təklif edib.