Menyu

Qüdrət Həsənquliyev: Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməlidir

Operativ Media
Qüdrət Həsənquliyev: Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməlidir
1 dəq oxu

Ehtiyatda olan və mənzil növbəsində dayanan hərbçilərə mənzil tikilib təqdim edilməsi əvəzinə pul kompensasiyasının verilməsi məsələsi nəzərdən keçirilməlidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2027-ci ilin dövlət büdcəsində ehtiyatda olan hərbçilərin mənzil təminatı və kirayə xərclərinin qarşılanması üçün 30 milyon manat vəsait nəzərdə tutulub. Onun fikrincə, bu məbləğ ehtiyatda olan hərbçilərin mənzil probleminin həlli üçün kifayət deyil.

Qüdrət Həsənquliyev hazırda neçə ehtiyatda olan hərbçinin mənzil növbəsində olduğunu, hər il onlardan neçəsinin mənzillə təmin edildiyini və növbənin hansı müddətə aradan qaldırılacağını açıqlamağa çağırıb.

O qeyd edib ki, hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsi daha məqsədəuyğun ola bilər. Belə olan halda onlar yaşayış yerini özləri seçə, valideynlərinə yaxın ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər.

Deputatın sözlərinə görə, bəzi hallarda hərbçilər üçün tikilən mənzillər onların yaşamaq istəmədikləri ərazilərdə yerləşir. Buna görə də hökumət mənzil təminatı mexanizminin alternativ variantlarını nəzərdən keçirməlidir.

Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərcləri üçün 15 milyon manat, yaşayış yeri olmayan hərbi qulluqçulara kirayə kompensasiyasının ödənilməsi üçün isə 14,7 milyon manat vəsait nəzərdə tutulub.

Əlaqəli Xəbərlər