AÇG-də neftvermə əmsalının 40%-dən yuxarı çatdırılması hədəflənir
“AÇG-də hasilata dəstək: yeni yanaşmalar və texnologiyalar” adlı konfransda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasilatın artırılması, mövcud ehtiyatlardan daha səmərəli istifadə və yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.
Operativ Media xəbər verir ki, konfransda çıxış edən SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib ki, SOCAR və BP-nin birgə fəaliyyəti çərçivəsində AÇG-nin texniki potensialı yenidən qiymətləndirilib və yatağın neftvermə əmsalının 40%-dən yuxarı çatdırılması hədəfi müəyyənləşdirilib.
Bu göstəricinin dünya miqyasında yüksək nəticələrdən biri olduğu vurğulanıb.
Qeyd edilib ki, bu hədəfə nail olmaq üçün yatağın geoloji quruluşu və layların xüsusiyyətləri ətraflı öyrənilib, genişmiqyaslı seysmik tədqiqatlar aparılıb.
SOCAR yatağın potensialı ilə bağlı müstəqil texniki qiymətləndirmə həyata keçirib, daha sonra mümkün layihələr BP ilə birlikdə nəzərdən keçirilib.
Çıxış zamanı üfüqi və çoxşaxəli quyuların qazılması texnologiyalarının tətbiqinə də toxunulub.
Bildirilib ki, AÇG-də üfüqi hissəsinin uzunluğu təxminən 2 kilometrə çatan quyuların qazılması mühüm texnoloji nailiyyətdir.
Vurğulanıb ki, hasilatın artırılması üçün yeni texnologiyaların tətbiqində texniki risklərə imkan verilməsi, uğursuz sınaqlardan nəticə çıxarılması və iqtisadi məhdudiyyətlərdən əvvəl texniki imkanların qiymətləndirilməsi vacibdir.
Bu yanaşma AÇG-də yeni layihələrin həyata keçirilməsinə və innovativ iş mədəniyyətinin formalaşmasına şərait yaradıb.