"Milli irsdən dünya arenasına” – Əsmər Babayeva ilə müsahibə
Milli-mədəni irsimizin qorunması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə elmi, pedaqoji və yaradıcı fəaliyyəti ilə seçilən sənətşünas, dosent, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Əsmər Babayeva incəsənətlə yanaşı, idman sahəsində də ölkəmizi beynəlxalq arenada təmsil edib.
Onunla peşəkar fəaliyyət yolu, yaradıcılıq fəlsəfəsi, Azərbaycan xalçaçılığının bu günü və gələcək perspektivləri barədə həmsöhbət olduq.
Operativ Media müsahibəni təqdim edir:
– İlk olaraq oxucularımıza özünüzü daha yaxından tanıtmağınızı istərdik. Əsmər Babayeva kimdir? Sənətşünaslığa və Azərbaycan xalça sənətinə marağınız necə yaranıb?
– Mən Əsmər Babayeva, sənətşünas, dosent və fəlsəfə doktoruyam. Uzun illərdir ki, bu sahədə fəaliyyət göstərirəm və böyük təcrübəyə malikəm. 26 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişəm. Bu ildən etibarən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) incəsənət üzrə menecment (Art Management – MBA) ixtisasında təhsil alan tələbələrə dərs deyirəm. Hesab edirəm ki, incəsənət üzrə menecment olduqca innovativ, yeni və gözəl bir ixtisasdır. Bu sahədə peşəkar mütəxəssislərə böyük tələbat var. Mənim tədris metodikam daha çox tələbələrlə praktiki işin təşkilinə əsaslanır. Tələbələrlə, əsasən, müxtəlif layihələr üzərində çalışırıq.
Sənətə olan marağımdan danışsaq, mən bu sahəni hələ uşaqlıqdan seçmişəm. Hər zaman rəssam olmaq istəmişəm. Universitetə daxil olarkən sənətşünaslıq fakültəsini seçdim və daha sonra fəaliyyətimi incəsənət tarixçisi kimi davam etdirdim. Universiteti bitirdikdən iki il sonra müəllim kimi fəaliyyətə başladım. Uzun illər ərzində 35-ə yaxın fənni tədris etmişəm. Düşünürəm ki, bu, kifayət qədər böyük təcrübədir.
Sənətşünas kimi daha çox sənətkarlığın, xalq sənətinin və milli-mənəvi irsimizin inkişafına xidmət etmişəm. Uzun illər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ekspert qismində dövlət səviyyəli layihələrin koordinatoru olmuşam. Hazırda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədriyəm. Eyni zamanda, beynəlxalq ekspert kimi fəaliyyət göstərirəm.
Bundan başqa, yaradıcı sənayenin müəyyən sahələrinin inkişafına da töhfə vermişəm. Bir neçə milli brendin yaranmasında mənim də rolum olub. Sənətkarlıq bizim milli irsimizdir. Azərbaycanda sənətkarlığın müxtəlif növləri – keramika, zərgərlik, ağac üzərində oyma və digər sahələr inkişaf edir. Uzun illərdir ki, yalnız Bakıda deyil, bölgələrdə də sənətkarlarla müxtəlif layihələr çərçivəsində çalışmışam.
Bütün bunlarla yanaşı, həyatım yalnız elmi, pedaqoji və yaradıcı fəaliyyətlə məhdudlaşmayıb. İdman da həyatımın mühüm bir hissəsini təşkil edib. İncəsənətlə yanaşı, kunq-fu idman növü ilə də məşğul olmuşam. Hətta 2023-cü ildə İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında iştirak etmişəm. Gənclər və İdman Nazirliyinin, eləcə də Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə çempionata qatılan Azərbaycan millisi uğurlu çıxış edərək yarışı 28 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 37 medalla başa vurub.
– Peşəkar fəaliyyət yolunuzda xalça sənətini seçməyinizə nə səbəb olub? Bu sahəyə gəlişinizdə hansı şəxsi təcrübələr, insanlar və ya hadisələr həlledici rol oynayıb?
– Müasir dünyada xalçaçılıq sənətini dövrün tələblərinə uyğunlaşdırmaq çətin olduğundan, açığı, əvvəllər bu sənətə o qədər də maraq göstərmirdim. Xalça ən mürəkkəb sənət növlərindən biridir. Çünki onu dəyişdirdikdə bir çox xüsusiyyətləri pozula bilər.
Beş il bundan əvvəl məni “Azərxalça” ASC-yə kreativ direktor kimi dəvət etmişdilər. Mən “Azərxalça”nı daha çox bir brend kimi gördüm və onun kolleksiyalarının yaradılmasında böyük rolum oldu. Hazırda “Azərxalça” yalnız istehsal müəssisəsi kimi fəaliyyət göstərmir, həm də Azərbaycanın milli brendinə çevrilib. Bu isə olduqca çətin və uzunmüddətli bir prosesdir.
Bu sahədə bütün proseslər və meyarlar kifayət qədər mürəkkəbdir. Burada rəssamlar, dizaynerlər və toxucular birgə çalışmalıdırlar. Artıq beş ildir ki, xalça sənəti üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində xalçanın yaranması və texnoloji prosesləri üzərində çalışmış, xarici həmkarlarımızla birlikdə beynəlxalq səviyyədə kolleksiyalar yaratmışıq.
– Bu gün həm sənətşünas, həm də yaradıcı direktor kimi fəaliyyət göstərirsiniz. Bu iki istiqamət sizin peşəkar yanaşmanızda necə birləşir və yaradıcılıq fəlsəfənizin əsasını nə təşkil edir?
– İncəsənət mənim həyatımın bir parçasıdır. Hələ uşaqlıqdan bilirdim ki, gələcəkdə bu işlə məşğul olacağam. Hətta valideynlərim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmağıma etiraz edirdilər. Lakin mən öz istəyim və arzumla universitetə daxil oldum. Bu seçimimə görə heç vaxt peşman olmamışam.
İnsanın sevdiyi sənətlə məşğul olması çox vacibdir. Təbii ki, sevdiyin işin arxasınca gedərkən müəyyən çətinliklərlə də qarşılaşırsan. Sözsüz ki, bu yolda mənim çox gözəl müəllimlərim olub. Sənətə inanmaq, Azərbaycan mədəniyyətini düzgün təqdim və təmsil etmək olduqca vacibdir.
– Bu gün Azərbaycan xalçaçılığının qarşısında duran əsas problemlər hansılardır və onların həlli üçün hansı təşəbbüslərə ehtiyac var?
– İlk növbədə onu qeyd edim ki, problemlər çoxdur. Müasir dünyada xalça toxumaq prosesi kifayət qədər uzun vaxt aparır və böyük maliyyə vəsaiti tələb edir. Bugünkü rəqəmsal dünyada sənaye avadanlıqları vasitəsilə çoxlu sayda xalça istehsal etmək mümkündür. Ümumiyyətlə, bu gün əl sənəti böhran dövrünü yaşayır. Çünki müasir texnologiyalar inkişaf edir, texnoloji proseslər isə getdikcə təkmilləşir.
Məhz buna görə də xalq sənətinin qorunub saxlanılması məqsədilə “Azərxalça” ASC dövlət tərəfindən dəstəklənir. Toxuculuq texnologiyalarının qorunması dövlətin əsas missiyalarından biridir. Dövlət bizim qarşımıza məhz bu missiyanı qoyub.
Eyni zamanda, bu sənəti yaşadan insanları qorumaq, onlara lazımi imkanlar yaratmaq da olduqca vacibdir. İrandan fərqli olaraq, Azərbaycanda xalça toxuyanlar, əsasən, qadınlardır. İranda isə xalçaçılıqla daha çox kişilər məşğul olurlar.
Bu gün xalça sənətinə gənc nəslin cəlb edilməsi də əsas problemlərdən biridir. Gəncləri bu sənətə necə cəlb etməliyik? Bu sual hələ də aktualdır. Çünki bu, uzunmüddətli bir prosesdir.
– İşğaldan azad edilmiş ərazilərdə Qarabağ xalçaçılıq məktəbinin bərpası və inkişafı istiqamətində hansı işlər görülür və gələcək planlar nədən ibarətdir?
– İlk növbədə qeyd edim ki, dövlət bu sahədə böyük işlər görür. 2023-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının açılışı keçirilmişdi.
Orada çox maraqlı bir hekayə var idi. Şuşadan məcburi köçkün düşmüş bir ailə 30-40 xalçanı toplayaraq özü ilə aparmış və onları 30 il ərzində qoruyub saxlamışdı. Şuşa işğaldan azad edildikdən sonra isə həmin ailə xalçaları muzeyə təhvil vermişdi. Bu gün həmin xalçalar muzey kolleksiyasının ən maraqlı və dəyərli hissələrindən birini təşkil edir.
Hazırda bu istiqamətdə bir sıra proseslər gedir. İnanıram ki, həyata keçiriləcək bir neçə pilot layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlara xalçaçılıq sənətini öyrətmək mümkün olacaq.
– Müasir texnologiyaların, xüsusilə süni intellektin Azərbaycan xalçaçılıq sənətinə tətbiqi hansı imkanlar yaradır?
– Bu, çox çətin sualdır. Süni intellekt bu gün hələ eksperimental mərhələdədir. Açığı, xalçaçılıqda süni intellektdən istifadə etmək kifayət qədər çətindir. Yəqin ki, artıq süni intellekt sahəsində də müəllif hüquqları ilə bağlı müəyyən mexanizmlər tətbiq olunur.
Xalçanı dəyişdirmək istəsək, hazırda süni intellektin bu istiqamətdə imkanları məhduddur. Süni intellekt hələ o səviyyəyə çatmayıb ki, xalça kompozisiyalarını yarada bilsin. Çünki bu, olduqca mürəkkəb bir alqoritmdir.
Qədim dövrlərdə qadınlar xalça kompozisiyalarını öz təxəyyüllərində yaradırdılar. Bu gün isə həmin prosesi tədris etmək olduqca çətindir. Bu kompozisiyalar bizə əcdadlarımızdan miras qalıb və bu gün biz onların əsasında xalçalar toxuyuruq.
Müxbir: Şəfa Hüseynli
Fotoqraf: Orxan Hüseynov