Türkiyə Futbol Federasiyası Gürcüstandakı hadisələri pisləyib
Türkiyə Futbol Federasiyası “Beşiktaş” azarkeşlərinə qarşı Gürcüstanda baş verən müdaxilələri pisləyib və hadisələrlə bağlı məsul şəxslərin cəzalandırılmasını tələb edib.
Operativ Media xəbər verir ki, federasiya UEFA Avropa Liqasının V turunda “Beşiktaş”ın İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşmasından əvvəl və oyun zamanı azarkeşlərə qarşı stadion daxilində və xaricində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, azarkeşlərə qarşı qəbuledilməz davranışlar, təhlükəsizlik nöqsanları və müdaxilələr qətiyyətlə pislənilir. Bu cür halların idmanın ümumbəşəri dəyərlərinə, insan ləyaqətinə, qarşılıqlı hörmət və “fair-play” prinsiplərinə zidd olduğu vurğulanıb.
Federasiya hadisələrin hərtərəfli araşdırılması, məsul şəxslərin müəyyənləşdirilməsi və onlara qarşı zəruri sanksiyaların tətbiqi üçün prosesin sonadək izləniləcəyini açıqlayıb.
Həmçinin “Beşiktaş” klubuna və azarkeşlərinə dəstək ifadə olunub. Bildirilib ki, UEFA başda olmaqla, milli və beynəlxalq platformalarda lazımi addımlar atılacaq və məsul şəxslərin cavab verməsi üçün bütün imkanlardan istifadə ediləcək.