Menyu

Batumi şəhərində “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb

Operativ Media
Batumi şəhərində “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
1 dəq oxu

Gürcüstanın Batumi şəhərində ictimai asayişi pozan və polis əməkdaşlarına qarşı qanunsuz hərəkətlər edən “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 26-da Avropa Liqasının “Hapoel Beer-Şeva” – “Beşiktaş” (1:2) matçı öncəsi Türkiyə klubunun azarkeşləri Batumidə yürüş keçiriblər. Tədbir zamanı polislə azarkeşlər arasında bir neçə dəfə qarşıdurma yaşanıb. Məlumata görə, azarkeşlər hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayıb və polis əməkdaşlarına müxtəlif əşyalar atıblar.

Gürcüstan DİN-in açıqlamasında bildirilib ki, Avropa meydanından “Batumi Arena”ya doğru hərəkət edən azarkeşlərin bir qismi aqressiv davranış nümayiş etdirib, təhqiramiz şüarlar səsləndirib və asayişi kobud şəkildə pozub. Onlar polisə müqavimət göstərərək əməkdaşlarla fiziki qarşıdurmaya giriblər.

Hadisə nəticəsində üç polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Qanunsuz hərəkətlərdə iştirak edən 16 nəfər saxlanılıb.

Nazirlik xarici KİV-lərdə polisin güc tətbiq etməsinin Fələstin bayraqları və plakatlarının nümayişi ilə əlaqələndirilməsini də təkzib edib. Qurumun açıqlamasına görə, qarşıdurma bayraq və plakatlar ortaya çıxmazdan əvvəl, stadion istiqamətində yürüş zamanı başlayıb.

Əlaqəli Xəbərlər