Menyu

Deputat: Azərbaycanın parlament diplomatiyası beynəlxalq münasibətlərin inkişafına töhfə verir

Operativ Media
Deputat: Azərbaycanın parlament diplomatiyası beynəlxalq münasibətlərin inkişafına töhfə verir
2 dəq oxu

Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun uğurla keçirilməsi və iki ölkə parlamenti arasında imzalanan 2027–2028-ci illər üzrə “Yol xəritəsi” əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Zaur Şükürov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“İlk öncə, ikinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun uğurla keçirilməsi münasibətilə təbriklərimi çatdırım. İnanıram ki, Forum çərçivəsində baş tutmuş səmərəli müzakirələr, xüsusilə də Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında imzalanmış ‘Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı’ (‘Yol xəritəsi’) iki müttəfiq ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına mühüm töhfə verməklə yanaşı, əlaqələrimizin genişlənməsində də əhəmiyyətli rol oynayacaq.

Məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən və balanslı xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. Məhz bu strategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi, müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağını artırır.

Son aylar ölkəmizdə uğurla keçirilən beynəlxalq tədbirlər, Prezident cənab İlham Əliyevin ikitərəfli və çoxtərəfli formatlarda intensiv səfər və görüşləri, bir sıra dövlətlərin xarici işlər nazirlərinin ölkəmizə səfərlərinin həyata keçirilməsi bunu bir daha təsdiq edir.

Bu xüsusda, son dövrlər Cənub-Şərqi Asiya dövlətləri ilə də münasibətlərimizin inkişafı diqqət çəkir. Bu bölgə ölkələri ilə səmərəli əməkdaşlığımıza dair qısa şəkildə bir məqama da diqqət çəkmək istərdim.

Bildiyiniz kimi, dörd il öncə, 2022-ci ilin noyabrın 23-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının – AİPA-nın Kamboca Krallığında keçirilən 43-cü Baş Assambleyasında Sizin rəhbərliyinizlə Milli Məclisinin nümayəndə heyətinin iştirakı zamanı Azərbaycan parlamentarizmi üçün əlamətdar hadisə baş verdi. Məhz həmin iclasda Azərbaycan Respublikası Milli Məclisi AİPA-da müşahidəçi statusu aldı.

Qeyd edim ki, AİPA-nın daxili nizamnaməsinə əsasən, milli parlamentlərin təşkilatda müşahidəçi statusu alması ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Lakin Azərbaycan Milli Məclisinin bununla bağlı müraciətinə prioritet qaydada baxılaraq dərhal cavab verildi və dəstəkləndi.

Heç şübhəsiz, AİPA-da dörd il öncə Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı qəbul edilən bu qərar Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə gerçəkləşən mükəmməl və praqmatik xarici siyasət kursu nəticəsində, həmçinin bu strategiya çərçivəsində sizin rəhbərliyiniz ilə Milli Məclisin uğurlu parlament diplomatiyası sayəsində mümkün olmuşdur.

Sizə məlum olduğu kimi, 17-20 noyabr tarixlərdə AİPA-nın 47-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Filippində səfərdə oldum. Həmin səfər çərçivəsində keçirilən görüşlərdə, habelə ənənəvi olaraq təşkil edilən AİPA-Azərbaycan dialoqu zamanı AİPA üzv parlamentlərin nümayəndələri Azərbaycanda gedən inkişaf proseslərini və ölkəmizin qlobal miqyasda rolunun artmasını təqdir edərək, Azərbaycanla münasibətlərin inkişafına önəm verdiklərini davamlı olaraq vurğulamışlar”.

Əlaqəli Xəbərlər