Menyu

Sadiq Qurbanov: Orta Kür layihəsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin nümunəsidir

Operativ Media
Sadiq Qurbanov: Orta Kür layihəsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin nümunəsidir
3 dəq oxu

Orta Kür Kontrakt Sahəsi üzrə sazişin təsdiqi Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı, texnoloji imkanlarının genişlənməsi və regionların sosial-iqtisadi potensialının gücləndirilməsi baxımından məqsədəuyğundur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, müzakirəyə təqdim olunan “Azərbaycan Respublikasının Orta Kür Kontrakt Sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında” Saziş Azərbaycanın enerji siyasətinin yeni mərhələsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Saziş Azərbaycan Respublikasının enerji resurslarından səmərəli istifadə, yeni ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi və qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi istiqamətində həyata keçirilən siyasətin növbəti mühüm addımlarından biridir.”

Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2026-cı il tarixli 1202 nömrəli Sərəncamı ilə SOCAR-a sazişi hazırlamaq, Azərbaycan Respublikası adından imzalamaq və onun qüvvədə olduğu müddətdə dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilib.

Onun sözlərinə görə, bundan əvvəl SOCAR ilə ExxonMobil arasında Anlaşma Memorandumu və Sazişin əsas kommersiya prinsiplərinə dair razılaşma da daxil olmaqla bir sıra mühüm sənədlər imzalanıb. Ardıcıl danışıqların nəticəsi olaraq saziş 26 sentyabr 2026-cı ildə Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.

Sadiq Qurbanov bildirib ki, sazişin əsas xüsusiyyəti Orta Kür Kontrakt Sahəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqidir. Bu, həm yeni hasilat imkanlarının araşdırılması, həm də müasir texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi baxımından əhəmiyyətlidir.

Layihədə ExxonMobil 50 faiz iştirak payına malik olmaqla operator funksiyasını həyata keçirir. Digər 50 faiz iştirak payı isə SOCAR-ın kommersiya törəmə şirkəti olan “Middle Kura” MMC-yə məxsusdur.

“Beləliklə, beynəlxalq texnoloji və idarəetmə təcrübəsi ilə Azərbaycanın milli iqtisadi və institusional imkanları vahid layihə çərçivəsində birləşdirilir”, – deputat vurğulayıb.

O bildirib ki, kontrakt sahəsinin Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının müəyyən hissələrini əhatə etməsi layihəyə regional inkişaf baxımından da xüsusi əhəmiyyət verir.

“Kəşfiyyat və gələcək hasilat işləri ilə əlaqədar yeni xidmətlərin yaranması, yerli şirkətlərin layihəyə cəlb olunması, infrastruktur imkanlarının genişlənməsi və məşğulluğun artması regionların iqtisadi fəallığına əlavə stimul verə bilər.

Sazişdə Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verilməsinə dair müddəaların nəzərdə tutulması da mühüm məqamdır. Burada əsas məqsədlərdən biri yerli mütəxəssislərin müasir texnologiyalar və beynəlxalq istehsalat standartları üzrə təcrübəsinin artırılması olmalıdır”, – Sadiq Qurbanov qeyd edib.

Deputat layihənin digər mühüm istiqamətinin ətraf mühitin mühafizəsi olduğunu bildirib. Onun sözlərinə görə, sazişdə ekoloji tələblərin Azərbaycan qanunvericiliyinə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun həyata keçirilməsi nəzərdə tutulur. Ekoloji tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri əsasında həyata keçiriləcək.

Layihənin idarə olunması üçün SOCAR-ın və podratçının nümayəndələrindən ibarət Rəhbər Komitənin yaradılması da dövlət maraqlarının icra prosesində ardıcıl şəkildə təmsil olunması baxımından mühüm institusional mexanizm hesab olunur.

“Orta Kür layihəsinin əhəmiyyətini yalnız gələcək hasilatın həcmi ilə ölçmək düzgün olmazdı. Layihənin əsas dəyəri resurs potensialını texnologiya, insan kapitalı, yerli sahibkarlıq və regional inkişaf imkanları ilə birləşdirməsindədir.

Azərbaycanın enerji siyasətində əsas hədəflərdən biri təbii sərvətlərdən əldə olunan imkanları uzunmüddətli iqtisadi və texnoloji üstünlüklərə çevirməkdir. Orta Kür Sazişi də bu yanaşmanın yeni nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Hesab edirəm ki, sazişin təsdiqi Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı, texnoloji imkanlarının genişlənməsi və regionların sosial-iqtisadi potensialının gücləndirilməsi baxımından məqsədəuyğundur. Bu əsaslarla sazişin təsdiq edilməsini Sizdən xahiş edirəm”, – komitə sədri çıxışında bildirib.

Əlaqəli Xəbərlər