Menyu

Azərbaycanda qəbul imtahanları çətin, universiteti bitirmək isə asandır – Ekspert

Ayşən Sadıxzadə
Azərbaycanda qəbul imtahanları çətin, universiteti bitirmək isə asandır – Ekspert
3 dəq oxu

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarının çətinliyi, abituriyentlərin çoxsaylı fənlər üzrə hazırlaşması və mövcud test modelinin effektivliyi yenidən müzakirə mövzusuna çevrilib. Beynəlxalq təcrübədə universitetlərə qəbulun nisbətən asan, təhsil müddətində qiymətləndirmənin isə daha tələbkar olması diqqət çəkir. 

Bəs Azərbaycanda da bu istiqamətdə dəyişikliklərə ehtiyac varmı? Qəbul imtahanlarında fənlərin sayının azaldılması və yeni qiymətləndirmə modelinin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı Operativ Media-ya təhsil eksperti Ramin Nurəliyev danışıb.

O bildirib ki, dünya təcrübəsinə nəzər salsaq, bir çox ölkələrdə universitetlərə qəbul prosesi nisbətən asanlaşdırılır, universiteti bitirmək və təhsil müddətində tələb olunan bilik və bacarıqlara yiyələnmək isə daha çətin olur. Azərbaycanda isə vəziyyət tam əksinədir: universitetə qəbul çətin, ali təhsil müəssisəsini bitirmək isə nisbətən asandır:

“Qəbul imtahanlarında beş-altı fənn üzrə hazırlaşmaq və imtahan vermək həm valideynlər üçün ciddi maddi yük yaradır, həm də abituriyentlər üçün çətin və məşəqqətli prosesə çevrilir. Buna görə də hesab edirəm ki, qəbul imtahanlarında fənlərin sayı müəyyən qədər azaldılmalı, eyni zamanda imtahan modelinin dəyişdirilməsi istiqamətində müvafiq addımlar atılmalıdır.

Məsələni daha aydın izah etmək üçün əvvəlki təcrübəyə nəzər salaq. Sosializm cəmiyyəti dövründə qəbul imtahanları əsasən şifahi, müəyyən hallarda isə yazılı formada keçirilirdi. Müstəqillik əldə etdikdən sonra həmin imtahan modeli öz aktuallığını itirdi və yeni yanaşmaya ehtiyac yarandı. Nəticədə test modelinə keçid edildi. Çünki həmin dövrdə beynəlxalq təcrübədə test üsulu daha obyektiv qiymətləndirmə vasitələrindən biri hesab olunurdu.

Lakin indiki dövr tamamilə fərqlidir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, intellektual bacarıqların və kibertəhlükəsizliyin xüsusi əhəmiyyət qazandığı bir mərhələdəyik. Bu dövrün də özünəməxsus tələbləri var. Artıq test imtahanlarının şagirdlərin bilik və bacarıqlarını tam şəkildə üzə çıxarmadığı fikri ön plana keçir. Çünki test modeli şagirdin düşünmə, təhlil, müqayisə, tətbiqetmə və fikrini ifadə etmək qabiliyyətini bütövlükdə qiymətləndirməyə imkan vermir. Əksinə, müəyyən mənada əzbərçiliyə üstünlük verilməsinə şərait yaradır.

Bu baxımdan yeni imtahan modelinin tətbiqi uğurlu addım ola bilər. Beynəlxalq təcrübəyə nəzər salsaq, IELTS, TOEFL və Almaniyada keçirilən Abitur imtahanları kimi nümunələrdə qiymətləndirmənin yalnız test formatı ilə məhdudlaşmadığını görərik. Bu imtahanlarda iştirakçıların biliklərini tətbiq etmək, təhlil aparmaq, müqayisə etmək, qrammatik biliklərini, dinləmə və danışıq bacarıqlarını nümayiş etdirmək imkanları da qiymətləndirilir.

Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə müvafiq addımlar atılmalı, universitetlərə qəbul zamanı beynəlxalq təcrübənin müsbət tərəfləri nəzərə alınmalıdır.

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında yalnız test modelindən istifadə etmir. Açıq tipli suallar, inşa və esse kimi tapşırıqlar da mövcuddur. Lakin bu yanaşma yalnız qəbul imtahanları ilə məhdudlaşmamalıdır. Hesab edirəm ki, orta ümumtəhsil məktəblərində keçirilən kiçik və böyük summativ qiymətləndirmələrdə də bu model tətbiq olunmalıdır. Çünki universitetlərə qəbul olunan şagirdlər məhz orta məktəblərdə yetişir və ali təhsilə orada hazırlaşırlar. Buna görə də məktəblərdə qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət ayrılmalıdır.

Eyni zamanda, ali təhsil müəssisələrinin semestr imtahanlarında da qiymətləndirmə modelləri yenilənməli, tələbələrin yalnız nəzəri bilikləri deyil, həmin bilikləri tətbiq etmək və müstəqil düşünmək bacarıqları da yoxlanılmalıdır.

Qəbul prosesinin çətinliyindən danışarkən beş-altı fənn üzrə universitetə hazırlaşmağın həm valideynlər, həm də şagirdlər üçün yaratdığı yükü nəzərə almalıyıq. Bu baxımdan mənim təklifim qəbul imtahanlarında fənlərin sayının dördə endirilməsidir. Buraxılış imtahanında Azərbaycan dili, xarici dil və riyaziyyat fənləri ilə yanaşı, ixtisas qrupuna uyğun olaraq daha bir fənn əlavə edilə bilər. Məsələn, birinci ixtisas qrupu üzrə informatika, ikinci qrup üzrə coğrafiya, üçüncü qrup üzrə tarix, dördüncü qrup üzrə isə biologiya fənni nəzərdə tutula bilər.

Hesab edirəm ki, beş-altı fənn üzrə imtahan verilməsi abituriyentlər üçün həddindən artıq böyük yükdür. Buna görə də həm qəbul prosesinin optimallaşdırılması, həm də şagirdlərin real bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsi istiqamətində müvafiq addımlar atılmalıdır”.

Əlaqəli Xəbərlər