Soyuq havalarda elektrikli avtomobilləri idarə etmək niyə çətinləşir?
Nərmin Qocamanlı
Havalar soyuq olduqda elektrikli avtomobil idarəçilərinin şikayətləri çoxalır. Sürücülərin əksəriyyəti soyuq və şaxtalı havalarda elektriklə işləyən avtomobillərin sürətinin və enerjisinin aşağı düşməsindən narazıdırlar.
Bəs soyuq və nəm havalarda elektrikli avtomobilləri idarə etmək niyə çətindir?
Mövzu ilə əlaqədar avtomobil ustası Əli Əliyev "Operativ Media"ya açıqlama verib.
O bildirib ki, elektrikli avtomobillərin enerjisi batareyaların kimyəvi reaksiyasından qaynaqlanır və soyuq havalarda bu reaksiya zəifləyir:
"Bu zaman sürülən avtomobil enerji istehsal edə bilmir. Məsələn, 500 km gedəsi yolu 400-450 km gedir. Bundan əlavə, soyuq havalarda avtomobilin qızdırıcısından, yəni peçindən çox istifadə olunur. İçəridə üşüməmək üçün daima salonu qızdırmaq lazım gəlir. Bu peç isə fan ilə işləyir və elektrik enerjisinə əlavə təsir edir. Buna görə qışda, soyuq havalarda elektrikli avtomobili enerjiyə tez-tez qoymaq lazımdır. Məsələn, 20 faizə qədər istifadə edib, sonra yenidən enerjiyə qoşmaq və həmçinin 80 faizədək dolduqdan sonra enerjidən çıxarmaq lazımdır. Eyni zamanda soyuq havalarda az məsafə qət etmək daha yaxşıdır".