
Qış aylarını istiliksiz keçirmək mümkün deyil. Bu səbəbdən insanlar evlərini qızdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Lakin bəzi hallarda bu cür üsullar istilik ilə yanaşı bir sıra problemlərin də yaranmasına səbəb olur.
Bəs soyuq havalarda ən əlverişli və ən təhlükəsiz isitmə üsulu hansıdır?
Mövzu ilə əlaqədar təhlükəsizlik eksperti Elmar Nurəliyev “Operativ Media”ya açıqlamasında qeyd edib ki, qış aylarında insanların artan istilik tələbatını ödəmək üçün istifadə etdikləri qızdırıcı sistemlərin təhlükəsiz istismarı lazımdır:
"Bu həm də ətrafda yaşayan insanların hər hansısa təhlükəli durumda daha az zərər görməsi üçün vacibdir. Ona görə də istimə sistemləri və yaxud qazla bağlı olan qurğular sertifikasiyası, ən əsası lisenziyalı olmalıdır, yəni kustar üsulla düzələn hər hansısa isidici məhsulun istifadəsi yolverilməzdir. Yaxşı olar ki, kombi sistemlərindən istifadə edilsin, çünki bu cihazlar evin çölünə yerləşdirilsə də, bütün otaqları istiliklə təmin edir. Evin içərisində qaz quraşdırmaq və yaxud qızdırıcı vasitədən istifadə etmək həm elektrik xətlərinin yüklənməsinə gətirib çıxardır, həm də maddi baxımdan sərfiyyatı artırır. Ancaq kombi sistemləri daha təhlükəsizdir. Statistikada bir dənə də olsa, elə bir fakt yoxdur ki, kombi sistemi olan hansısa bir evdə dəm qazından zəhərlənə baş verib. Çünki evdə qaz cihazı yoxdur və bu hal baş verməyəcək. Ancaq evin içərisində kustar üsulla hazırlanan, mənşəyi məlum olmayan və yaxud nasaz vəziyyətdə olan cihazlara kənar müdaxilələrin edilməsi sonradan bir çox problemin yaranmasına gətirib çıxaran amillərdir".