
Psixi sağlamlıqla əlaqəli xəstəliklər insanların həyatına dərindən təsir edən sağlamlıq problemləridir. Adətən, psixi xəstəliklərin cəmiyyət tərəfindən tanınması və qəbul edilməsi çətin olur deyə müalicəsi də gecikir.
Maraqlıdır, bəs psixi xəstəliklər irsən keçir, yoxsa sonradan qazanılır?
Bu barədə psixiatr Bəxtiyar Mustafayev “Operativ Media”ya açıqlamasında qeyd edib ki, psixi xəstəliklərin yaranmasında genetika rol oynayır:
“Şizofreniya xəstəliyinin yaranma səbəbi tam məlum deyil ,ancaq burada da genetikanın rolu var. Əgər valideynlərdə şizofreniya varsa, gələcəkdə belə insanların uşaqlarında da şizofreniya olma ehtimalı sağlam valideynlərin uşaqları ilə müqayisə etdikdə daha çoxdur”.
Həkim psixi xəstəliklərin yaranmasını tətikləyən amillərdən də danışıb:
“Günümüzdə daha çox qarşılaşdığımız depressiya, təşviş pozuntuları (nevroz) kimi bildiyimiz psixi pozuntuların yaranmasında əsas səbəb kimi biopsixososial səbəblər aiddir. Bioloji olaraq neurotransmitter olan serotonin adlı maddənin az olması burada rol oynayır. Həmçinin yaşanmış psixoloji travmalar, sosial vəziyyətin pis olması, işsizlik kimi faktorların da əhəmiyyəti böyükdür”.
Psixiatr qeyd edib ki, son dövrlərdə psixi problemi olan insanların sayı nəzərə çarpacaq dərəcədə artıb:
“Səbəb kimi son illər müşahidə olunan koronavirus pandemiyasını göstərə bilərik. Bu, həm təşviş pozuntuları, həm də depressiv pozuntuların daha da çox insanda yaranmasına gətirib çıxarmışdır. Bundan başqa asosiallıq, daimi xəstəliyə yoluxmaq, davamlı stressə məruz qalmaq və ya yaxınını itirmə qorxusu, təbii ki, insanların psixoloji olaraq müqavimətini daha da azaltmış və psixi pozuntuların yaranması üçün daha münbit şərait yaranmışdır”.
Sevinc İbrahimzadə