"Qəzza zolağının iqtisadiyyatı hərbi əməliyyatlar nəticəsində ÜDM-də 24% azalma yaşayıb".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunmuş hesabatında deyilir.
"Yeni peyk şəkilləri və rəsmi məlumatlardan istifadə edərək, UNCTAD hesab edir ki, Qəzza iqtisadiyyatı 2023-cü ilin ilk üç rübündə artıq 4,5% azalıb. Lakin hərbi əməliyyatlar tənəzzülü xeyli sürətləndirdi və bütün il ərzində ÜDM-in 24%, adambaşına düşən ÜDM-in isə 26,1% azalmasına gətirib çıxardı", - hesabatda qeyd olunur.
"Əgər cari hərbi əməliyyat dərhal başa çatsa və yenidənqurma dərhal başlasa və 2007-2022-ci illərdəki artım tendensiyaları orta hesabla 0,4% civarında davam etsə, Qəzzaya 2022-ci ildəki ÜDM səviyyəsini bərpa etmək üçün 2092-ci ilə qədər vaxt lazımdır", - məlumata əlavə edilib.
Hesabatda qeyd edilir ki, ÜDM-in ildə 10% artdığı ən optimist ssenaridə belə, Qəzza zolağında adambaşına düşən ÜDM-in 2006-cı il səviyyəsinə 2035-ci ilə qədər çatmaq mümkün olmayacaq.