Britaniya: London Rusiya ilə "müharibə astanasında" deyil
"Böyük Britaniya Rusiya ilə hərbi münaqişə astanasında deyil və ölkəyə xaricdən müdaxilə təhlükəsi yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Londonda beyin mərkəzlərindən birində çıxışı zamanı deyib.
"Son vaxtlar mətbuatdakı ən sensasiyalı başlıqları tənqid edim. Biz Rusiya ilə müharibə astanasında deyilik. Ərazimiz işğal olunmaq üzrə deyil. Müdafiə Nazirliyində heç kim hərbi xidmətə məcburi çağırışdan danışmır. Böyük Britaniya təhlükəsizdir, çünki biz NATO-nun - ən böyük və güclü ittifaqın bir hissəsiyik, həm də ona görə ki, biz məsuliyyətli nüvə dövlətiyik", - Radakin çıxışı "Sky News" tərəfindən yayımlanıb.
Eyni zamanda, admiral əlavə edib ki, bu, Böyük Britaniyanın "hücumlarla üzləşə bilməyəcəyi" demək deyil: "Biz artıq hər gün kiberməkanda onlarla qarşılaşırıq. Biz hava və dəniz suverenliyimizi pozmaq məqsədilə kosmosda və həmçinin sualtı kabellərə qarşı özbaşına hücumlar görə bilərik. Ən çox ehtimal olunan rəqib Rusiyadır. Biz bunu açıq şəkildə bildirmişik".
Onun sözlərinə görə, Rusiyanın NATO üzvü olan ölkənin ərazisinə etdiyi istənilən hücum və ya işğal heyrətamiz cavabla nəticələnəcək.
Radakin həmçinin bildirib ki, krallığın silahlı qüvvələrinin komandanlığı bu il Ukraynaya yardım fonunda yeni hərbi personalın cəlb edilməsi və öz silah və sursat ehtiyatlarının artırılması məqsədinə nail olacağına ümid edir.