Siyarto: Macarıstan və İtaliya Ukraynaya qoşun yeritməyi planlaşdırmır
Macarıstan və İtaliya öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır və belə bir addımın üçüncü dünya müharibəsi təhlükəsi yaradacağına inanırlar.
"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Romada İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani ilə görüşündən sonra deyib.
"Həmkarım Antonio Tacani və mən Ukraynadakı hərbi vəziyyəti nəzərdən keçirdik və razılaşdıq ki, Avropa ölkələri öz qoşunlarını Ukraynaya göndərsələr, bu, üçüncü dünya müharibəsinin başlaması ilə nəticələnəcək. Buna görə də hər iki ölkənin hökumətləri aydın və qətiyyətli mövqe tuturlar. Biz Ukraynaya qoşun göndərməyəcəyik", - Siyarto "Facebook" səhifəsində yazıb.
Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü fevralın 26-da Parisdə keçirilən konfransda müzakirə edilib, lakin onun iştirakçıları bu məsələdə razılığa gələ bilməyiblər. Fransa prezidenti Emmanuel Makron görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz.