"Hazırda xüsusən gənclər arasında dəbdə olan ən zərərli vərdişlərdən biri qəlyan çəkməkdir".
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.
"İlk vətəni Hindistan olsa da, sonradan qəlyan, Şərq xalqları üçün tütün çəkmə alətinə çevrilmişdir. Qəlyana xas olan spesifiklik odur ki, tüstü sudan keçərək sərinləşir və güya tam təmizləndiyi ehtimal olunur. Düzdür, qəlyan çəkərkən tüstünün keçdiyi maye bərk hissəciklərin təqribən 50 %-ni, eləcə də fenol, akrolein, asetaldehid və sair kimi zəhərli birləşmələrin də müəyyən faizini tutur, lakin xrom, arsen, kotinin, qurğuşun və digər toksiki birləşmələr bu baryeri 100% nisbətində keçir. Qəlyan tüstüsünün tərkibində olan dəm qazının konsentrasiyası isə, siqaret tüstüsündən 2-3 dəfə çox olur. Məlumdur ki, siqaretin tüstüsünün tərkibində nikotinlə bərabər 4720-yə qədər zəhərli və güclü toksiki təsirə malik maddə vardır. Qəlyan tüstüsünün tərkibində bu nisbət az olsa da, insan 1 saat qəlyan çəkərsə, ən tünd siqaretlə müqayisədə belə, ağ ciyərlərə kəmiyyətcə 100-200 dəfə artıq miqdarda zəhərləyici və konserogen maddə, eləcə də dəm qazı daxil olur. Bu isə, qəlyan tüstüsünün siqaretlə müqayisədə insan orqanizmi üçün daha zərərli və qorxulu olduğunu təsdiq edir. Bir qəlyan “porsiyası”nın çəkilməsi adətən 15 qədiqədən 90 qədiqəyə qədər davam edir. Bu halda orqanizmə daxıl olan zərərli maddələrin faiz nisbəti (o cümlədən passiv qəlyan çəkənlər üçün) təqribən 20 ədəd siqaretin çəkilməsinə mütənasibdir. Bir çox elmi mənbələrdə 1 qəlyanın orqanizmə zərəri, hətta 100 ədəd siqaretə bərabər hesab edilir və qəlyan çəkənlərin orta ömür müddətinin 18-25 il olduğu iddia olunur.
Qəlyanın siqaretdən fərqli olaraq asılılıq törətmədiyi də söylənilir. Bu tamamilə səhv fikirdir və bu zərərli adətin marketing maraqlarına xidmət edir. Çünki qəlyanın tərkibində də nikotin və digər potensial fəal psixoaktiv maddələr vardır. Temperatur fərqliliyi baxımından sudan keçirilərək soyudulmuş bu tərkib, nikotinəhəssas və digər subhüceyrəvi strukturlara qarşı daha yüksək affinlik göstərərək onlara bağlanır. Nəticədə, qəlyana qarşı asılılığın yaranması, heç də adi siqaret və ya papirosdan geri qalmır, hətta sonuncuları üstələyir.
Tərkibində dəm qazının yüksək kəmiyyət nisbətinə görə, qəlyan tüstüsünün hər dəfə ciyərlərə alınması, hüceyrələrin oksigen aclığını kəskin şəkildə artırır. Dəm qazı baş beyin, xüsusən neokorteksə yüksək tropluq göstərdiyindən, daimi baş ağrısına, hətta şüurun qaranlıqlaşması və itməsinə, dövrü və uzunmüddətli qəbulda isə, insanın psixi sağlamlığında çətin korreksiya olunan ciddi problemlərə səbəb ola bilər. Qəlyan tüstüsünün ağır onkoloji xəstəliklərə, eləcə də ağ ciyər və ürək-damar sisteminin çox müxtəlif və çətin korreksiya olunan patologiyalarına səbəb ola bilməsi də öz təsdiqini tapmış həqiqətdir. Bunun üçün aşağıdakı statistikaya qiddət edilməsini, gənc oğlanların isə, xüsusən sonuncu punktu diqqətlə oxuyub, yadda saxlamasını arzu edərdim:
- Ağciyər xərçəngini 2 dəfə
- Ürək-damar xəstəliklərini 2,2 dəfə
- Respirator xəstəlikləri 2,3 dəfə
- Alveoliti 3,7 dəfə
- Osteoparoz və ağız boşluğu xəstəliklərini 3-5 dəfə
- Qırtlaq, sidik kisəsi xərçəngi, eləcə də Hepatit C və Vərəm xəstəliyi törənmə riski də nəzərəçarpacaq faiz nisbətində
- Kişi sonsuzluğunu isə, 2,5 dəfə artırır.
Qəlyan çəkənlərin yuxarı tənəffüs yolu selikli qişasında protein, albumin, qlobulinin miqdarı statistik olaraq artır ki, bu da həmin nahiyyənin çox ciddi gizli iltihabından xəbər verir. Paralel olaraq bronx ağacında, hətta siqaret çəkənlərlə müqayisədə belə, neytrofillərin kəskin artımı, ağ ciyər toxumasında destruktiv dəyişikliklərin baş verdiyini təsdiq edir.
Qəlyanın orqanizmə, siqaretdən də zərərli olduğunun elimi təhlilini verdiyim bu yazıda, onun siqaretdən bir üstünlüyünü də qeyd etməyi lazım bilirəm. Bu hal paradoksal olsa da reallıqdır. Məlumdur ki, siqareti tərgitdikdən sonra, orqanizmin potensial sağlamlıq durumunun heç bir vaxt siqaret çəkməyənlərin səviyyəsinə çatması üçün, təqribən 10-15 il vaxt lazımdır. Qəlyanla vidalaşdıqdan sonra isə, bronx-ağ ciyər sistemində törənən dəyişikliklər 2-3 aya bərpa olunur. Ağciyərlərin tikinti materialları hesab olunan asinusların bərpası isə, qəlyan çəkənlərin “stajından” asılı olaraq təqribən 4-12 ay davam edir. Bu müddət bitdikdən sonra, zamanında qəlyan çəkənlərin bronx-ağ ciyər sistemi, heç bir vaxt qəlyan çəkməyənlərinkindən praktik olaraq fərqlənmir.
Odur ki, bu sətirləri oxuyan gənclərimiz, bu gündən bu zərərli adətə son desin və sağlamlıqlarına qovuşsunlar. Bu arzu yox, müasir gəncliyin sağlam böyüməsi üçün, ürəkdən gələn bir istəkdir".






