Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb
Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, “Xəzər Media Mərkəzi”, Qız qalası, “Hilton oteli, “Bakı Kristal Zalı” kimi obyektlər və memarlıq abidələri, Bakı Metropoliteninin və “Dəniz Mall”un məlumat lövhələri Ümumdünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar keçirilən "Mavi işıqla işıqlandır" layihəsi çərçivəsində mavi rənglə işıqlandırılıb.
Operativ Media xəbər verir ki, aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.
Autizmin anadangəlmə olan və ömürboyu davam edən neyroinkişaf pozuntusu olduğunu deyən “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova bildirib ki, son statistikaya görə, dünyada yeni doğulan hər 31 uşaqdan biri autizm riski daşıyır. Son bir neçə onillik ərzində autizm statistikasındakı dinamika bu sayın artacağını proqnozlaşdırmağa əsas verir. Bu isə autizm məsələsinə ciddi yanaşmağı tələb edir.
“Birgə və Sağlam” İctimai Birliyi autizmli şəxslərin təhsili, sağlamlığı, sosial rifahı və məşğulluğu istiqamətində əhəmiyyətli layihələr icra edir. Birlik son illər ərzində bir sıra dövlət və özəl qurumların dəstəyi ilə autizmli şəxslərin cəmiyyətə inteqrasiyası və rifah halının yüksəldiləməsi üçün davamlı olaraq təşəbbüslər göstərir. Birlik autizm sahəsində də kütləvi maarifləndirmə işləri aparır, mütəxəssislərin peşəkar inkişafına dəstək verir.
Hər il 2 aprel Dünya Autizm Maarifləndirmə Günü, aprel ayı isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edilir. Həmin tədbirlər çərçivəsində hər il 2 aprel tarixində dünya miqyasında mötəbər binaların mavi rəngdə işıqlandırılması aksiyası keçirilir. Aprel ayında intensiv maarifləndirmə işləri aparan “Birgə və Sağlam” İctimai Birliyi bu beynəlxalq aksiyaya qoşularaq Bakıda bir neçə mötəbər binanın mavi rəngdə işıqlandırılması üçün təşəbbüslə çıxış edib", - deyə A.Eynalova qeyd edib.
Sonda autizmlə bağlı plakatlar qaldırılıb, "Autizm: Tanı, qəbul et, dəstək ol" şüarı səsləndirilib, havaya mavi şarlar buraxılıb.