Bakı-Xırdalan-Sumqayıt qatarına daha bir dayanacaq əlavə olunur
“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı–Xırdalan–Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Dəmir Yolları bu istiqamətdə Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür, o cümlədən yeni dayanacaqların istismara verilməsi imkanlarını nəzərdən keçirir. Bu xətt üzrə sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir.
Dərnəgül dayanacağı istifadəyə verildikdən sonra bu ərazidə yaşayan əhali də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları ilə Dərnəgüldən rahat və maneəsiz şəkildə Bakı Dəmiryol Vağzalına və digər istiqamətlərə səfər edə biləcəklər.