BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
Operativ Media
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə əlaqədar məzunlara, valideynlərə və sürücülərə müraciət edib.
Operativ Media xəbər verir ki, müraciətdə respublikanın bütün şəhər və rayonlarında keçiriləcək tədbirlərin iştirakçıları təbrik olunub, məzunlara gələcək həyatlarında uğurlar arzulanıb.
DYP bildirib ki, ötən illərin təhlili bəzi hallarda məzunların və yeniyetmələrin valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərdiyini, yaxud onlara belə imkan yaradıldığını göstərir. Qeyd olunub ki, bu cür məsuliyyətsiz davranışlar ağır yol-nəqliyyat hadisələrinə və faciəvi nəticələrə səbəb ola bilər.
Müraciətdə vurğulanıb ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, eləcə də avtomobili belə şəxslərə etibar etmək yolverilməzdir və həm qanun pozuntusu, həm də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi həmçinin skuterlərin idarə olunması üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinin, moped və motosikletlərin idarə olunması üçün isə müvafiq sürücülük hüququnun tələb olunduğunu xatırladıb.
Valideynlərə övladları üzərində nəzarəti gücləndirmək çağırışı edən qurum diqqətsizlik və səhlənkarlığın ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib. Avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər də nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırılıb.
Bildirilib ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplandığı məkanlarda və nəqliyyatın intensiv hərəkət etdiyi istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək və zəruri profilaktik tədbirlər görüləcək.