"İntellektual gömrük" informasiya sistemi yaradılır
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi (İGİS) yaradılır.
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirir. Komitə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, İGİS-in "Hökumət buludu"nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Əsasnamamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.