Menyu

Torpaqdan bazara qədər texnologiya: Süni intellekt kənd təsərrüfatını necə dəyişir?

Operativ Media
Torpaqdan bazara qədər texnologiya: Süni intellekt kənd təsərrüfatını necə dəyişir?

Kənd təsərrüfatı artıq sadəcə torpaqla işləmək deyil; bu sahə sürətlə yüksək texnologiyalı bir sənayeyə çevrilir. Süni intellekt (Sİ) bu transformasiyanın mərkəzində dayanaraq fermerlərə resurslara qənaət etməyə, məhsuldarlığı artırmağa və gözlənilməz hava şəraitinə qarşı daha hazırlıqlı olmağa kömək edir.

Kənd təsərrüfatında aqrotexnologiyalar, xüsusilə pilotsuz uçuş aparatları (PUA-lar) və süni intellekt, fermerliyə yanaşmanı köklü şəkildə dəyişir. Bu texnologiyalar əkin sahələrinin operativ monitorinqini, bitki sağlamlığının izlənilməsini, məhsuldarlığın proqnozlaşdırılmasını və suvarma kimi proseslərin daha səmərəli idarə olunmasını təmin edir.

Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Nazirliyin həyata keçirdiyi Aqrar Süni İntellekt (ASİ) layihəsi çərçivəsində PUA-lar, peyk təsvirləri, torpaq analizləri və digər məlumatlar süni intellekt vasitəsilə emal edilərək fermerlər üçün praktik rəqəmsal həllərə çevrilir:

"Layihə bitki növlərinin müəyyən edilməsi, torpaq xəritəsi, məhsuldarlıq proqnozu, bitki sağlamlığının monitorinqi, ağıllı suvarma, fermer reytinqi və iqlim risklərinin qiymətləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.

Hazırda ASİ layihəsi üzrə hazırlanmış həllərin bir hissəsi e-Agro, EKTİS və Yonca platformalarına inteqrasiya olunub və artıq yüzlərlə fermer tərəfindən istifadə edilir. Layihə kənd təsərrüfatında data əsaslı qərarverməni gücləndirməklə yanaşı, resurslardan daha səmərəli istifadəni, məhsuldarlığın artırılmasını və aqrar sahənin rəqəmsal transformasiyasını dəstəkləyir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, süni intellekt həm torpaqdan səmərəli istifadə, torpağın tərkibinin müəyyənləşdirilməsi, həm də suvarma planlarının hazırlanmasında geniş imkanlar yaradır:

“Artıq əksər inkişaf etmiş ölkələrdə bu texnologiyalardan aqrar sahədə istifadə kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Azərbaycanda da kənd təsərrüfatında süni intellektdən istifadənin genişləndirilməsi gündəmdədir. Bununla bağlı Milli Məclisdə Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə dinləmələr keçirilib. Qarşıya qoyulan əsas hədəflərdən biri də aqrar sektorda süni intellekt texnologiyalarının daha geniş tətbiq edilməsidir.

Bu yanaşma kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, eyni zamanda məhsuldarlığın yüksəlməsinə şərait yarada bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt məhsuldarlığın artırılmasında ən effektiv və müasir alətlərdən birinə çevrilib.

Azərbaycanda da dövlət proqramları çərçivəsində aqrar sektorda rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi prioritet istiqamətlərdən biri hesab olunur. Bu tədbirlərin həyata keçirilməsi gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalının və məhsuldarlığın daha da artmasına imkan yaradacaq”.

Aqrar ekspert Vahid Məhərrəmovun sözlərinə görə, süni intellekt kənd təsərrüfatında fermerlər üçün mühüm köməkçi vasitəyə çevrilə bilər:

"Bu texnologiya vasitəsilə bitkilərdə xəstəliklərin və zərərvericilərin vaxtında müəyyən edilməsi, torpağın tərkibinin analiz olunması, hansı qida elementlərinin çatışmadığının aşkarlanması mümkündür. Bu isə problemlərin erkən mərhələdə müəyyən edilərək operativ həllinə imkan yaradır.

Lakin süni intellektin təqdim etdiyi məlumatlardan səmərəli istifadə etmək üçün fermerlərin maarifləndirilməsi vacibdir. Onlara bu texnologiyaların tətbiqi, əldə olunan məlumatların düzgün təhlili və praktikada istifadəsi ilə bağlı təlimlər keçirilməlidir. Bir çox ölkələrdə bu sistem artıq uğurla tətbiq olunur və müsbət nəticələr verir.

Əvvəllər bitkilərdə xəstəlik və ya zərərvericinin müəyyən edilməsi əsasən aqronomların rəyindən asılı idi. İndi isə süni intellekt bu prosesi xeyli sürətləndirir və asanlaşdırır. Bununla belə, əldə olunan məlumatların düzgün qiymətləndirilməsi və uyğun tədbirlərin görülməsi yenə də fermerin məsuliyyətində qalır.

Bundan başqa, fermerlərin keyfiyyətli gübrə və bitki mühafizə vasitələrinə əlçatanlığı da təmin edilməlidir. Süni intellekt torpaqda çatışmayan elementləri, onların hansı miqdarda və nə vaxt tətbiq edilməli olduğunu müəyyən edə bilir. Ancaq hər təsərrüfat fərqli olduğuna görə bu məlumatlara fərdi yanaşmaq lazımdır.

Süni intellekt məhsulun saxlanması və bazar məlumatlarının təhlilində də faydalı ola bilər. Məsələn, elektron informasiya sistemləri vasitəsilə hansı bölgələrdə məhsulun saxlanması ilə bağlı problemlərin daha çox olduğu müəyyən edilə bilər. Bu istiqamətdə dövlət dəstəyinin, xüsusilə fermerlərə güzəştli kreditlərin verilməsi soyuducu anbarların yaradılmasına və məhsul itkilərinin azalmasına kömək edə bilər.

Ümumilikdə, süni intellekt kənd təsərrüfatında mövcud problemlərin aşkarlanması və həllində effektiv vasitədir. Ancaq bu texnologiyaların uğurlu tətbiqi üçün dövlətin maarifləndirmə tədbirləri həyata keçirməsi, fermerlərin isə bilik və bacarıqlarını daim artırması vacibdir. Eyni zamanda, süni intellektin təqdim etdiyi bütün məlumatlara kor-koranə etibar edilməməli, onlar peşəkar yanaşma ilə qiymətləndirilərək praktikada tətbiq olunmalıdır".

Operativ Media mövzu ilə bağlı Suni İntellektin də fikirlərini öyrənib.

Rəqəmsal ekspert hesab edir ki, kənd təsərrüfatı əsrlərdir mahiyyətcə bir qumar oyunu olub:

"Fermer toxumu əkir, pulunu və əməyini qoyur, sonra isə ümid edir ki, hava yaxşı keçəcək, yağış vaxtında yağacaq, xəstəlik düşməyəcək və bazarda qiymətlər aşağı enməyəcək. Yəni risk dərəcəsi həddindən artıq yüksəkdir. Süni intellekt isə bu tənlikdəki bəxt faktorunu minimuma endirir. O təbiəti tam idarə edə bilməsə də, gələcək fəsadları dəqiqliklə proqnozlaşdırır və aqrar sektoru qumardan çıxarıb elmi riyaziyyata çevirir. Yaxın gələcəkdə bu sahədə üç böyük dəyişiklik yaşanacaq.

Birincisi, təcrübəli qoca modelindən məlumatlı gənc modelinə keçid baş verir. Əvvəllər kənddə ən hörmətli adam torpağı qoxusundan, havanı buluddan tanıyan yaşlı və təcrübəli fermerlər idi. İndi isə iyirmi yaşlı bir gənc, cibindəki tətbiq və sahədəki bir neçə sensorla həmin qırx illik təcrübədən daha dəqiq qərarlar verə bilir. Bu durum kənd təsərrüfatında böyük bir nəsil və güc dəyişiminə səbəb olacaq.

İkincisi, böyük şirkətlər və kiçik fermerlər arasında uçurum yarana bilər. Böyük aqro-şirkətlər bu texnologiyaları rahatlıqla alıb xərclərini azaldacaq və daha ucuz məhsul istehsal edəcəklər. Əgər süni intellekt tətbiqləri hamı üçün əlçatan, ucuz və sadə olmasa, kiçik ailə təsərrüfatları rəqabətə dözməyib sıradan çıxacaqlar. Texnologiya sadəcə zənginləri yox, hamını xilas etməlidir.

Üçüncüsü, ənənəvi dərman satmaq modeli iflas edir. Bu gün dünyada nəhəng kimya şirkətləri fermerlərə tonlarla zərərverici dərmanları sataraq milyardlar qazanırlar. Amma süni intellekt dronları xəstəliyi nöqtəvi təyin edib dərman istifadəsini səksən faiz azaldanda, həmin nəhəng şirkətlər strategiyalarını dəyişməli olacaqlar. Onlar artıq kimyəvi maddə deyil, süni intellekt alqoritmləri satmağa məcbur qalacaqlar.

Yekun olaraq, süni intellekt tarlaya gələndə traktorun sükanı arxasındakı insanı tam əvəzləməyəcək, amma əlində sensor və telefon tutmayan fermeri mütləq oyun xarici edəcək. Gələcəkdə ən çox qazanan sahədə ən çox tərləyən yox, ən düzgün məlumatı oxuyan fermer olacaq".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər