Menyu

Sadiq Qurbanov: Aqrar sahənin dayanıqlılığı resursların iqlim şəraitində necə qorunacağından asılıdır

Operativ Media
Sadiq Qurbanov: Aqrar sahənin dayanıqlılığı resursların iqlim şəraitində necə qorunacağından asılıdır
2 dəq oxu

“Aqrar sahənin gələcək dayanıqlılığı artıq yalnız torpaq və su ehtiyatlarının mövcudluğundan deyil, bu resursların dəyişən iqlim şəraitində necə qorunacağından və onlardan necə səmərəli istifadə olunacağından asılıdır”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov Aqrar siyasət komitəsinin iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatına su ehtiyatlarının azalması və dəyişkənliyi, temperatur artımı, quraqlıq, ekstremal hidrometeoroloji hadisələr, torpaq deqradasiyası və məhsuldarlıq riskləri vasitəsilə təsir göstərir.

Sadiq Qurbanov qeyd edib ki, bu baxımdan qanun layihəsinin III fəslində iqlim məsələsinin ayrıca hüquqi çərçivədə müəyyənləşdirilməsi və 14-cü maddənin iqlim dəyişiklikləri ilə mübarizə və adaptasiya tədbirlərinə həsr olunması mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, qoruyucu meşə zolaqlarının salınması, ekoloji təmiz və resursqənaətedici texnologiyaların tətbiqi, aşağı emissiyalı və elektrik mühərrikli kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi, heyvandarlıqda emissiyaların azaldılması və maarifləndirmə tədbirləri nəzərdə tutulur.

Deputat əlavə edib ki, adaptasiya tədbirləri çərçivəsində iqlim dəyişikliklərinə davamlı bitki sortlarının və heyvan cinslərinin yaradılması, təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması, sudan səmərəli istifadə və alternativ su mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sadiq Qurbanov FAO və Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlığı çərçivəsində Azərbaycanda pambıqçılıqda iqlimə uyğun kənd təsərrüfatı yanaşmalarının tətbiq edildiyini də bildirib.

“Torpaq, su və qida maddələrinin idarə edilməsinin təkmilləşdirilməsi, eləcə də daha məhsuldar sortlardan istifadə nəticəsində layihənin həyata keçirildiyi ərazilərdə pambıq məhsuldarlığının hektardan təxminən 3 tondan 8 tona qədər yüksəldiyi göstərilir”, – deyə deputat qeyd edib.

O vurğulayıb ki, iqlimə adaptasiya yalnız risklərin qarşısının alınması kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, düzgün texnologiya, elmi yanaşma və resurslardan səmərəli istifadə həm də məhsuldarlığın və fermerlərin iqtisadi imkanlarının artırılmasına xidmət edə bilər.

Deputat hesab edir ki, qanunun icrası mərhələsində regionlar üzrə iqlim risklərinin qiymətləndirilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin stimullaşdırılması, iqlimə davamlı sort və cinslərin yaradılması, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və fermerlərin prosesə daha fəal cəlb olunması diqqətdə saxlanılmalıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər