Sədr müavini: Zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri aqrar xidmətlərə daxil edilməlidir
“Bitki mühafizəsi tədbirlərinin icrası ilə bağlı mexanizmdə hər hansı hüquqi boşluq yaranmamalıdır. Zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aqrar xidmətlər çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmalıdır”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yeni aqrar qanunun qəbul edilməsi ilə əlaqədar “Fitosanitar nəzarəti haqqında” qanuna da dəyişiklik edilir və fitosanitar xidmətlərlə bağlı ayrıca fəslin ləğvi nəzərdə tutulur.
Əli Nəbiyev qeyd edib ki, hazırda bitki sağlamlığı sahəsində zərərvericilərə və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirləri AQTA, həmçinin Kənd Təsərrüfatı Nazirliyi və xüsusilə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
AQTA sədr müavini bildirib ki, son illərdə fitosanitar vəziyyətin təhlili zərərvericilərə qarşı mübarizə tədbirlərinin aktuallığının artdığını göstərib.
“Bu baxımdan zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin “Fitosanitar nəzarəti haqqında” qanundan istisna edilməməsi məsələsinə baxılmasını xahiş edirəm. Fitosanitar xidmətlər artıq “aqrar xidmətlər” termini ilə əvəzlənir. Bu şərtdə də həmin mübarizə tədbirlərinin aqrar xidmətlər çərçivəsində icra olunması məsələsinə baxılması vacibdir”, – deyə Əli Nəbiyev bildirib.
dəqiqələr içində saytın olsun.