Menyu

Deputat: Fermerin məhsulunu maya dəyərindən aşağı satmasının qarşısı alınmalıdır

Operativ Media
Deputat: Fermerin məhsulunu maya dəyərindən aşağı satmasının qarşısı alınmalıdır
2 dəq oxu

“Aqrar sahə haqqında” qanunun əsas sınağı onun fermerin gündəlik həyatında nəyi dəyişəcəyidir. Fermer üçün əsas məsələ təkcə istehsal etmək deyil, məhsulunu satmaq, gəlir əldə etmək və risklərdən qorunmaqdır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev komitənin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, torpaq, su, subsidiya, aqrar sığorta, rəqəmsallaşma, aqroparklar, logistika və iqlim dəyişikliklərinə adaptasiya kimi mühüm istiqamətlər qanun layihəsində əhatə olunub.

Onun sözlərinə görə, fermerin gəlirinin qorunması, bazar qiymətlərində kəskin dəyişikliklər zamanı dövlət müdaxiləsinin konkret mexanizminin müəyyənləşdirilməsi, müqaviləli istehsalda fermerin hüquqlarının müdafiəsi və subsidiyaların verilməsi ilə bağlı aydın müddətlərin qanunda daha dəqiq ifadə olunması vacibdir.

Razi Nurullayev kənd təsərrüfatında su məsələsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Azərbaycan kənd təsərrüfatında su sadəcə resurs deyil, istehsalın taleyini müəyyən edən əsas amildir”, – deyə deputat bildirib.

O qeyd edib ki, suyun ötürülməsi ilə bağlı prinsiplər qanun layihəsində əksini tapsa da, suvarma qrafikinin pozulması, su çatışmazlığı nəticəsində məhsul itkisi və belə hallarda fermerlərin hüquqlarının qorunması ilə bağlı daha konkret mexanizmlərə ehtiyac var.

Deputat dövlət dəstəyinin şəffaflığının da qanunda daha aydın əks etdirilməsinin vacibliyini qeyd edib.

“Fermerin reytinqi, subsidiya qərarı və digər dövlət dəstəyi mexanizmləri üzrə fermerin etiraz vermə, məlumat almaq hüquqları qanunda aydın göstərilməlidir”, – deyə Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, fermer dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də fermer qarşısında konkret öhdəlik daşımalıdır.

“Bu yanaşma ilə qanun sadəcə aqrar sahəni tənzimləyən sənəd deyil, fermerin hüquqlarını, gəlirini və istehsalının dayanıqlığını qoruyan real iqtisadi mexanizmə çevrilə bilər”, – deyə deputat vurğulayıb.

Razi Nurullayev qanun layihəsinin müzakirəsi zamanı üç məsələnin ayrıca nəzərdən keçirilməsini təklif edib.

“Fermer məhsulunu maya dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalanda dövlətin konkret müdaxilə mexanizmi necə olacaq?

İkinci, suvarma suyu vaxtında verilmədikdə və fermer zərər çəkdikdə onun hüquqi və dövlət qurumunun məsuliyyəti necə ölçüləcək və necə qorunacaq?

Üçüncü, fermer subsidiyadan və ya reytinqdən narazı qaldıqda onun real etiraz və hüququnun bərpası mexanizmi ayrıca şəkildə təsbit oluna bilərmi?” – deyə deputat suallar səsləndirib.

O bildirib ki, bu məsələlərin qanunda ayrıca bənd şəklində təsbit olunması daha ədalətli yanaşma olar.

Razi Nurullayev qanun layihəsini dəstəklədiyini və sənədin ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynayacağını qeyd edərək onun hazırlanmasında iştirak edənlərə təşəkkürünü bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər