Tahir Mirkişili: Fermerə subsidiyalar innovasiya və süni intellektdən istifadəyə görə verilməlidir
“Aqrar sahə haqqında” qanun layihəsi ilə aqrar siyasətin fəlsəfəsi dəyişir. Artıq aqrar siyasət yalnız məhsul istehsalı kimi deyil, istehsaldan məhsulun inkişafına qədər bütün dəyər zəncirini əhatə edən yanaşma kimi nəzərdən keçirilməlidir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, indiyədək müxtəlif qanunlar, normativ aktlar və fərmanlarla tənzimlənən aqrar sahənin vahid qanunla tənzimlənməsi müsbət təcrübədir.
Onun sözlərinə görə, əsas məsələ qanunun necə olması ilə yanaşı, onun aqrar siyasəti növbəti mərhələyə keçirə biləcək iqtisadi mexanizm yaradıb-yaratmayacağıdır.
“Biz aqrar ölkə deyilik. Nə qədər Azərbaycan aqrar sektorundan danışsaq da, aqrar sektor Azərbaycanın daxili məhsulunun cəmi 5,6 faizidir. Biz sənaye ölkəsiyik. Azərbaycanın daxili məhsulunun 50 faizi sənayedir”, – deyə Tahir Mirkişili qeyd edib.
Deputat bildirib ki, aqrar sektorun sənaye ilə inteqrasiyasını təmin edən mexanizm yaradılarsa və dəyər zəncirinin bütün həlqələri qurularsa, bu sahənin inkişafı üçün daha geniş imkanlar yaranacaq.
Tahir Mirkişili qanun layihəsinin müsbət tərəflərindən birinin dövlət dəstəyinin nəticəyönümlü olması olduğunu vurğulayıb.
“Dövlət dəstəyi ilə bağlı hökmən yalnız ‘sənin nə qədər əkin sahən var, subsidiya buna görə verilməlidir’ fəlsəfəsindən biz çıxmalıyıq”, – deyə deputat bildirib.
O qeyd edib ki, dövlət dəstəyi zamanı əkin sahəsinin ölçüsü ilə yanaşı, əldə olunan məhsulun həcmi, suya qənaət, əmək resurslarından istifadə, innovasiya və süni intelleqdən yararlanma kimi göstəricilər də nəzərə alına bilər.
Deputat həmçinin torpaq və su məsələlərinin qanun layihəsində ayrıca əksini tapmasını müsbət qiymətləndirib.
“Azərbaycanda kənd təsərrüfatının iki mühüm struktur problemi var. Biri torpaqların parçalanmasıdır, ikincisi isə suyun məhdud və qeyri-qənaət formasında istifadə olunmasıdır”, – deyə Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, torpaqların konsolidasiyasını təşviq edən dövlət dəstəyi mexanizmlərinin yaradılması vacibdir.
Tahir Mirkişili iqlim məsələsinin də qanunvericiliyə daxil edilməsini mühüm yenilik kimi qiymətləndirib.
“Mən hesab edirəm ki, iqlim artıq sabahın məsələsi deyil, iqlim bu günün məsələsidir, biz bunu hər birimiz hiss edirik və aqrar sektoru iqlimsiz təsəvvür etmək qeyri-mümkündür”, – deyə deputat vurğulayıb.
Deputat kənd təsərrüfatının kəndlərin inkişafı ilə əlaqələndirilməsinin də vacib olduğunu bildirib. Onun sözlərinə görə, kəndin sosial-iqtisadi həyatı yalnız kənd təsərrüfatından ibarət deyil. Burada məşğulluq, gənclərin və qadınların iqtisadi fəaliyyətə cəlb edilməsi, eləcə də turizm kimi istiqamətlər də nəzərə alınmalıdır.
Tahir Mirkişili qanun layihəsinin bəzi müddəalarının əlavə hüquqi aktlarla dəqiqləşdirilməsinə ehtiyac olduğunu da qeyd edib. Xüsusilə fermerlərin reytinq sisteminin hansı meyarlar əsasında formalaşdırılacağı və bunun nə dərəcədə şəffaf olacağı ilə bağlı qaydaların aydın müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Deputat fermerə yalnız istehsalçı kimi yanaşmağın düzgün olmadığını da bildirib.
“Fermer eyni zamanda alıcıdır. Fermer eyni zamanda da istehlakçıdır. Onun eyni zamanda bir bazarlıq gücü var”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, ədalətsiz ticarət praktikaları, gecikdirilmiş ödənişlər, birtərəfli müqavilə dəyişiklikləri, məhsulun qəbulundan əsassız imtina və fermerin zəif bazarlıq mövqeyindən sui-istifadə kimi hallar da tənzimlənməlidir.
Tahir Mirkişili ərzaq təhlükəsizliyi ilə bağlı müddəalara da toxunub. O bildirib ki, ərzaq təhlükəsizliyinin dörd əsas elementi – qidanın mövcudluğu, əlçatanlığı, təhlükəsizliyi və qiymət baxımından əlçatanlığı nəzərə alınmalıdır.
“Qanun layihəsində yalnız ikisi var: qidanın olması və qiymətinin sabit olması. Amma onun əlçatanlığı və təhlükəsiz olması ilə bağlı məsələləri düşünürəm ki, artırsaq, daha yaxşı olardı”, – deyə deputat əlavə edib.
O, həmçinin qanun layihəsində bazara intervensiya ilə bağlı müddəanın yer almasına diqqət çəkərək bunun ehtiyatla tətbiq edilməsinin vacibliyini vurğulayıb.
dəqiqələr içində saytın olsun.