Menyu

İlham Bayramov: Aqrar qanun su resurslarından səmərəli istifadəyə böyük zəmin yaradacaq

Operativ Media
İlham Bayramov: Aqrar qanun su resurslarından səmərəli istifadəyə böyük zəmin yaradacaq
2 dəq oxu

“Su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və iqlim dəyişikliklərinə adaptasiya ilə bağlı məsələlərin qanun layihəsində ayrıca təsbit olunması xüsusi əhəmiyyət daşıyır”.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərinin azaldılması, suvarma sistemlərinin tətbiqi, bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması ilə bağlı müddəaların əksini tapması mühüm əhəmiyyət kəsb edir.

İlham Bayramov qeyd edib ki, bu istiqamətlər indiyədək mövcud qanunvericilikdə bu formada müəyyən edilməyib.

“Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri əsas resurslar olaraq artıq bu qanunda təsbit olunur ki, buna da biz xüsusi əhəmiyyət veririk”, – deyə o vurğulayıb.

ADSEA sədrinin müavini bildirib ki, qanun layihəsinin 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, eləcə də sudan səmərəli istifadə ilə bağlı yeddi tədbir nəzərdə tutulur.

Onun sözlərinə görə, bu müddəalar su ehtiyatlarından səmərəli istifadənin təmin olunması üçün mühüm zəmin yaradacaq.

İlham Bayramov həmçinin iqlim dəyişikliklərinə adaptasiya tədbirlərinin milli qanunvericilikdə bu qanun layihəsi ilə təsbit olunmasının əhəmiyyətini vurğulayıb.

“Bəlkə də ilk dəfədir bizim milli qanunvericiliyimizdə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirləri də bu qanunla təsbit olunur. Bu da yüksək əhəmiyyət kəsb edir və burada da əsas məsələlərdən biri elə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi tədbirləridir”, – deyə o bildirib.

O qeyd edib ki, su tutarlarının yaradılması ilə bağlı müddəa da mühüm əhəmiyyət daşıyır. Bunun su ehtiyatlarının toplanmasına, su təminatının yaxşılaşdırılmasına və lazımi vaxtda suyun verilməsinə şərait yaradacağı bildirilib.

İlham Bayramovun sözlərinə görə, bu tədbirlər eyni zamanda su resurslarından daha səmərəli istifadəyə imkan verəcək.

“Ümumən, qanunun qəbulu düşünürük ki, aqrar sahədə normativ tənzimləmənin vahidləşməsini, dövlət dəstək mexanizmlərinin və şəffaflığını, onun məqsədli təyinatının təmin olunduğu kimi resurslardan səmərəli istifadəni, eyni zamanda iqlim dəyişikliklərinə dair davamlılığın təmin edilməsini təmin edəcək”, – deyə ADSEA rəsmisi əlavə edib.

O bildirib ki, qanunun qəbulundan sonra formalaşacaq dəqiq mexanizmlər, eləcə də onun tətbiqi üçün hazırlanacaq mexanizmlər məşğulluğun artırılmasına, kənd yerlərinin dayanıqlı inkişafına, gəlirlərin artmasına və ərzaq təhlükəsizliyinə töhfə verə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər