Menyu

Artezian quyularında elektrik xərcləri günəş panelləri ilə azaldılacaq – Nazir

Operativ Media
Artezian quyularında elektrik xərcləri günəş panelləri ilə azaldılacaq – Nazir
3 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən məsələlərin bir qismi artıq mövcud mexanizmlərlə tənzimlənir, digər istiqamətlər üzrə isə yeni həllər hazırlanır.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 1 yanvar 2025-ci ildən kənd təsərrüfatı torpaqlarının 5 hektardan yuxarı sahələrində həmin torpağın 1 faizi həcmində kənd təsərrüfatı təyinatlı tikililərin inşasına icazə verilir.

Onun sözlərinə görə, bu sahədə proses və prosedurlar da sadələşdirilib və “bir pəncərə” sisteminə keçilib. Fermer-sahibkar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməklə kənd təsərrüfatı təyinatlı torpağında müvafiq tikinti apara bilər.

Məcnun Məmmədov artezian quyuları ilə bağlı problemin də əsasən iqtisadi səbəblərlə bağlı olduğunu bildirib.

“Artezianlarla bağlı çox ciddi məsələdir. Bu, vətəndaş qəbullarında da daim qaldırılan məsələdir və bunun kökündə iqtisadi səbəb dayanır. Elektrik enerjisi çox olduğuna görə o artezian quyusuna sahib çıxmaq istəmir heç kəs”, – deyə nazir qeyd edib.

Nazir bildirib ki, problemin həlli üçün 1 yanvar 2027-ci ildən kənd təsərrüfatı təyinatlı obyektlərdə, xüsusilə su təyinatlı artezianlarda günəş panellərinin quraşdırılmasına 50 faiz dövlət güzəşti verilməsi nəzərdə tutulur.

“Bizim təklifimiz ondan ibarətdir ki, günəş panellərini həmin artezianlarda qursalar ki, 50 faizini dövlət, Kənd Təsərrüfatı Nazirliyi dəstəyini verəcək, elektrik enerjisi xərcləri olduqca aşağı düşəcək”, – deyə Məcnun Məmmədov bildirib.

O, fermerləri 2027-ci il yanvarın 1-dən bu imkandan istifadə etməyə çağırıb və deputatların da müvafiq bölgələrdə fermerləri bu barədə məlumatlandırmasının vacibliyini vurğulayıb.

Nazir suvarma suyunun vaxtında verilməməsi nəticəsində fermerlərin üzləşə biləcəyi zərərlərə də toxunub. Onun sözlərinə görə, bu məsələ aqrar sığorta çərçivəsində müəyyən hallarda artıq həllini tapıb.

Məcnun Məmmədov bildirib ki, suyun vaxtında verilməməsi və ya su təminatının həyata keçirilməməsi nəticəsində fermerin zərər görməsi kimi hallar aqrar sığorta mexanizmi ilə kompensasiya oluna bilər.

“Üçüncü tərəflərin vurduğu zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır və bu bugün tənzimlənir. Sadəcə fermer öz məhsulunu üçüncü tərəflərə müqavilə olan risklərdən sığortalamalıdır”, – deyə nazir qeyd edib.

O, fermerlərin reytinq sistemi ilə bağlı da açıqlama verib. Nazir bildirib ki, reytinqin formalaşdırılması Azərbaycanda ilk dəfə tətbiq olunur və hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki şəxsi kabineti vasitəsilə öz reytinqi ilə tanış ola bilər.

Məcnun Məmmədovun sözlərinə görə, reytinq üç əsas istiqamət üzrə formalaşdırılır. Bunlardan birincisi aqrotexniki tədbirlər və fermerin müasir aqrar fəaliyyətə nə dərəcədə əməl etməsidir.

İkinci istiqamət iqtisadi fəaliyyətlə bağlıdır. Burada fermerin yaratdığı məhsulun ölkənin aqrar iqtisadiyyatına verdiyi iqtisadi fayda qiymətləndirilir və fermerlər fəaliyyətlərinin miqyasına uyğun dəyərləndirilir.

Üçüncü istiqamət isə ekoloji fəaliyyətdir. Bu çərçivədə fermerin fəaliyyətinin ekologiyaya təsiri nəzərə alınır.

Nazir qeyd edib ki, hər bir fermer öz şəxsi kabinetində reytinqinin hansı meyarlar əsasında formalaşdığını və ayrı-ayrı göstəricilər üzrə neçə bal topladığını görə bilər.

“Fermer öz kabinetinə daxil olduqda reytinqini görür, reytinqin nədən ibarət olduğunu, nədən nə qədər bala aldığını görür şəffaf şəkildə və oradan da nəticə çıxara bilər ki, nədə aşağı ballı olubsa, demək, o hissəni təkmilləşdirməlidir”, – deyə o bildirib.

Məcnun Məmmədov fermerin reytinqdən narazı qalması halında Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə biləcəyini də deyib.

“Əgər fermer narazıdırsa, birbaşa Kənd Təsərrüfatı Nazirliyinə müraciət eləyə bilər və hər hansı bir bəndin onun yanlış qiymətləndirildiyini düşünürsə, biz o məsələyə baxacağıq”, – deyə nazir əlavə edib.

O, fermerlərin məhsullarını maya dəyərindən aşağı qiymətə satması məsələsinə də münasibət bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə Aqrar Sığorta Fondu tərəfindən bazar qiymətlərinin sığortalanması mexanizmi təklif olunur.

Onun sözlərinə görə, sözügedən təklif hazırda dövlət qurumları arasında razılaşdırılır.

“Təəssüf ki, razılaşdırma hələ tam keçməyibdir. Keçdiyi halda, yəqin ki, öz axarı ilə müvafiq olaraq həm Nazirlər Kabinetinə, daha sonra Administrasiya və Milli Məclisə qədər o qanun dəyişiklikləri layihəsi geri çıxacaq”, – deyə Məcnun Məmmədov bildirib.

Nazir hesab edir ki, müvafiq dəyişikliklər qəbul edilərsə, fermerlərin məhsulu bazar qiymətlərinin aşağı düşməsindən yaranan risklərinin də aqrar sığorta çərçivəsində qorunması mümkün olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər