Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Önce öğretmen” Fondunun sədri Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının təqdimatı və “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi keçirilib.
Operativ Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil işçiləri, valideynlər və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, təhsil yalnız məktəblə məhdudlaşmır, daim maariflənən cəmiyyət, inkişaf edən valideyn və öyrənən ailə də təhsil prosesinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, uşağın öyrənməyə münasibəti, özünəinamı, davranışları və sosial bacarıqları məktəb, ailə və cəmiyyətin birgə təsiri ilə formalaşır. Bu baxımdan öyrənənlər və öyrədənlər arasında sağlam münasibət müasir təhsil sisteminin əsas dayaqlarından biridir.
Mətin Kərimli professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının valideyn və uşaq, müəllim və şagird münasibətlərinə fərqli yanaşma təqdim etdiyini, gündəlik ünsiyyətdə istifadə olunan ifadə və davranışların uşağın inkişafına təsirinə diqqət çəkdiyini bildirib. O qeyd edib ki, bu baxımdan kitab və ustad dərsinin mövzusu həm valideynlər, həm də təhsil işçiləri üçün xüsusi əhəmiyyət daşıyır.
Mətin Kərimli çıxışının sonunda tədbirin təşkilində göstərdikləri dəstəyə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.
Qonaqları salamlayan “Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva bildirib ki, “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində təhsil və maarifləndirmə istiqamətinə xüsusi diqqət yetirilir. Bu çərçivədə müəllim və şagirdlərin yeni bilik və təcrübələrlə tanışlığına, öyrənmə imkanlarının genişləndirilməsinə önəm verilir.
“Qırx dəfə demişəm” kitabında əksini tapan əsas məqamlar barədə danışan Pərvanə Hacıyeva qeyd edib ki, kitab valideynlər, müəllimlər və uşaqlarla çalışan hər kəs üçün faydalı mənbə olmaqla yanaşı, gündəlik ünsiyyətə və uşaqlara yanaşmaya fərqli baxış formalaşdırır. O, görüşün iştirakçılar üçün yeni fikirlər və faydalı təcrübələrlə yadda qalacağına əminliyini ifadə edib.
Çıxışlardan sonra ustad dərsi çərçivəsində professor Ziya Səlcuq müasir dövrdə sürətin insan həyatına və münasibətlərinə təsiri, uşağa yanaşma, valideynlik, müəllimlik, ünsiyyət və öyrənmə prosesində diqqət yetirilməli məqamlar barədə fikirlərini bölüşüb. Ziya Səlcuq bildirib ki, sürətli dəyişikliklərin müşahidə olunduğu dövrdə insanın özünə və ətrafındakılara münasibətini yenidən nəzərdən keçirməsi, xüsusilə uşağın dünyasını anlamağa çalışması vacibdir. O, uşağın inkişafında böyüklərin münasibəti və ünsiyyətinin mühüm rol oynadığını vurğulayıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.
Daha sonra professor Ziya Səlcuqun Azərbaycan dilində çap olunan “Qırx dəfə demişəm” kitabının təqdimatı keçirilib. Bildirilib ki, kitabda gündəlik həyatda tez-tez istifadə olunan ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik prizmasından təhlil edilir. Müəllif uşağa və uşaqlığa baxışın dəyişdirilməsi, valideyn və uşaqlar arasında sağlam ünsiyyətin qurulması, davranışların uşağın inkişafına təsiri kimi məsələlərə diqqət yetirir.
dəqiqələr içində saytın olsun.