Bütövlükdə taksi xidməti hər kəsi narahat edirdi. Ona görə də islahatlar qaçılmaz idi. Lakin islahatlar elə olmalıdı ki, hər kəsin marağını təmin etsin. Taksi fəaliyyətinin tənzimlənməsi üçün təklif olunan yeni qanunlar həqiqətən də bu sahənin fəaliyyətini qaydasına salacaqmı?
"Operativ Media" nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla bu suallara cavab tapmağa çalışıb.
Ekspertin sözlərinə görə, dəyişikliyin effektiv olması üçün bir sıra maraqlar təmin olunmalıdır. "Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maraqlar, mobilliklə bağlı maraqlar, küçələrdə nizam intizamla bağlı maraqlar təmin olunsun. Yeni qanunvericilik zərfi də bu məsələləri həll etmək üçün planlanıb. Əsas hədəf taksi sistemində olan xaosu, nəzarətsizliyi aradan qaldırmaqdı"-deyə Ərşad Hüseynov bildirib.
Ərşad Hüseynov qeyd edib ki, taksi fəaliyyətində idarə sisteminin mahiyyətini dəyişirlər. "Əvvəllər sürücü fərqlənmə nişanı alırdı fəaliyyət göstərirdi. Heç onu da almayanlar var idi. İndi isə icazə kartı alacaqlar. Dövlət rüsumu ödəyəcəklər. Rüsumlar açıqlanıb, amma hələlik bəlli deyil hansı müddət üçündür. 250 manat açıqlanıb, amma neçə müddətlikdi yazılmayıb. Aqreqatorların fəaliyyəti tənzimlənəcək. Rüsum ilkin olaraq 3 min manat nəzərdə tutulur. Taksi avtomobillərində analoq taksometrlər nəzərdə tutulur. Nə qədər işləyib, hara gedib. Qüvvədə olan qanunvericiliyə görə, küçədə dayanıb taksi fəaliyyəti ilə məşğul olanlar üçün taksometr məcburidir, amma xüsusi proqramlarla işləyənlər üçün məcburi deyil. Bu da tam açıqlanmayıb necə olacaq. Amma mən düşünürəm xüsusi proqramla işləyən taksilərin sistemi dövlət sisteminə inteqrasiya edilsə, hər hansısa dəyişikliyə ehtiyac yoxdur".
Ekspertin sözlərinə görə, aqreqatorlar və sürücülər üçün sanksiyalar tətbiq olunacaq.
"Aqreqator icazə almadan işləsə, sürücünü icazəsiz sistemə qoşub sifariş versə, sürücünü iş saatından artıq işlətsə, sürücünün məlumatlarını harasa ötürərsə böyük cərimələr nəzərdə tutulur."
Yeni dəyişiklik bizə nə verəcək?
Ərşad Hüseynov düşünür ki, ictimai nəqliyyatdakı problemləri həll etməmiş taksi sisteminin fəaliyyətini tənzimləmək mümkün deyil.
"Çox ciddi çətinliklər olacaq. Praktiki olaraq tam həyata keçirmək çətin olacaq. Azərbaycanda fəaliyyət göstərən taksilər ictimai nəqliyyatın işini görür. Əgər ictimai nəqliyyatı inkişaf etdirə bilsək, taksilərin də sayı azalacaq xidməti də yaxşı olacaq.
El arasında yayılan manatlıq taksi hansı ki, avtobusların işini görürlər. Camaat avtobusla gedə bilmir, ona görə də istifadə edir. İctimai nəqliyyat problemləri həll olunmasa taksi fəaliyyətinin uğurundan danışmaq mümkün deyil. Deyilənlərə əsaslanıb deyə bilərik ki, taksilərin sayı azalacaq və yeni tələblərlə sanksiyalar olacaq hamı işləyə bilməyəcək. Qiymətlərin qalxması da sərnişinlərin marağına əks etdirmir. Hamı işləyə bilməyəcək sürücülərin də marağının ziddinədir. Əsas məsələlərdən biri də odur ki, əgər dəyişikliklər oktyabrdan qüvvəyə minəcəksə, hələ suallar var. Ən çətin suallar budur ki, taxometr istifadə olunacaqmı, nəzarət olunacaqmı?"