Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə bu il 27,7 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilərək e-fərdi şəxsi hesab açılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, üç il əvvəl fəaliyyətə başlayan həmin e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir.
Əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN açılır, bununla da işçinin fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir.
Xidmət fəaliyyətə başlayandan elektron qaydada 720 min fərdi şəxsi hesabın açılması təmin edilib.
Fərdi şəxsi hesabda ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, toplanmış pensiya kapitalı barədə məlumatları e-sosial.az portalına daxil olaraq asanlıqla öyrənmək olar.






