İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.
“Operativ Media” xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.
Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Ç.Abdullayev Molla Pənah Vaqifin yaradıcılığından söz açıb.
Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. “Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hisləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”.
Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tutması barədə danışıblar.
Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şerlər səsləndirilib.
Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.