
Xarici ölkələrdən gətirilən bəzi nəqliyyat vasitələrinin spidometrinə müdaxilələr edilir. Bir sıra ölkələr var ki, oradan gətirilən avtomobillərdə bu hal tez-tez rast gəlinir.
“Operativ Media”ya açıqlama verən avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xüsusilə bahalı avtomobillərin kilometrajı geri çəkilərək bazara aşağı qiymətlə təklif olunur. Onun sözlərinə görə, spidometrə müdaxilə çox sadə və asan prosesdir.
“Məsələn 2019-cu ilin avtomobilidir. Kilometrajı 20 min, 50 min olarsa, qiyməti olacaq 50 min manat. Avropada, Amerikada, Koreyada, Almaniyada kilometrajı həddindən artıq çox olduğuna görə, onlar üçün bu avtomobillərin istismar müddəti bitmiş sayılır. 300-400 min yol gedib, bu avtomobil artıq sürüləsi deyil, ölkədən çıxmalıdır.
Kilometrajını çəkirlər, ən asan yolla, ucuz qiymətə orsda satırlar, bizim Azərbaycana da ucuz olduğu üçün avtomobil bazarına yarı qiymətinə daxil olur. Oradan alırıqsa, 50 minə, bu avtomobil gəlir Azərbaycana 30 minə, bu da alverçilərə sərf edir".
Usta bildirir ki, Amerikadan idxal edilən nəqliyyat vasitələrində belə hallara çox rast gəlinmir. Cənubi Koreya bazarından gələn avtomobillərin isə 90 faizində bu cür müdaxilələr aşkarlanır. Xüsusilə də, dizellə işləyən avtomobillərin kilometrajı hətta 300-400 min kilometr geri çəkilərək ölkəyə gətirilir.
“Ən çox Koreya bazarına və Almaniyadan gələn avtomobillərdə kilometrajların çəkilməyi ilə bağlı problemlər var. Onu da aşkar etməyin birinci növbədə yolu diaqnostika vasitəsidir. Orsdan dizel avtomobillərdə birinci növbədə regenerasiya var. Bu da DBF-lərlə bağlıdır. Onda regenerasiyanın vaxtına baxıb bilmək olur ki, bunun kilometrajı çəkilib, ya çəkilməyib. Benzin avtomobillərdə də göstəricilər panelində yağdəyişmə intervalına baxıb bunu ayırd etmək olar. Mühərrikin işləməyindən, avtomobilin aşınmağından bilmək olur ki, bu kilometraj nə qədər gedib, nə qədər çəkilib".
Dəniz Ağabəyliyinin sözlərinə görə, alıcılar avtomobil aldığı xarici şirkətlərə güvənirlərsə, nəqliyyat vasitəsini həmin şirkətlərin ustalarına da yoxladaraq müdaxilələri aşkarlaya bilərlər. Digər hallarda isə, artıq ölkəyə gətirilən avtomobilin burada yoxlanması faydasızdır. Çünki nəqliyyat vasitəsi istənilən halda şəxsə aid hesab olunur.