Dövlət Sərhəd Xidməti rəisinə yeni müavin təyin edilib.
Artıq general-leytenant Rəsul Tağıyev DSX rəisinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışacaq.
"Operativ Media" Rəsul Tağıyevin dosyesini təqdim edir.
General-leytenant Rəsul Tağıyev 1976 cı ilin avqust ayının 18-də Qərbi Azərbaycanın Qafan mahalında dünyaya gəlib.
Vətən müharibəsi başlayan zaman general-mayor olan Rəsul Tağıyev DSX-da Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi olub. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı bölmələri olan Çevik Hərəkat Bölmələrinin yetişdirilməsində birbaşa iştirakı və zəngin hərbi bilikləri ilə hərbçilərin peşəkarlığının artırılmasında müstəsna fəaliyyəti olub.
Sambo idman növü üzrə idman ustası olan general dünyanın 40-da çox ölkəsində keçirilən hərbi təlimlərdə iştirak edib.
Vətən müharibəsində Cəbrayıl və Zəngilan döyüşlərində iştirak edib. Cənub cəbhəsinin ən hündür zirvəsi olan “Bartaz” və “Şükürataz” döyüşlərinə rəhbərlik edib. Onun rəhbərlik etdiyi bölmələr vətən müharibəsində ilk və yeganə hadisə sayılan atıcı silahlarla qırıcı təyyarənin vurulmasını reallaşdırıblar. Azərbaycanın döyüş generallarından sayılan Rəsul Tağıyev həm də şəxsi heyətlə birbaşa döyüşlərdə iştirak etməsi ilə də bilinir. 2269 metr yüksəkliyi olan “Bartaz” zirvəsinə silah-sursatın çatdırılması, “Sığırt” döyüşlərində emrənilərin hücumunun qarşısını alan heyətə dəstəyin təmin edilməsi və ermənilərin dəfələrlə hücum etməsinə baxmayaraq Qafana qədər 10 kilometr dərinliklərdəki komunikasiya xətlərinə nəzarətə imkan verən postların götürülməsində və saxlanılmasında şəxsən iştirak edib.
Rəsul Tağıyev 2004-cü ildə “Hərbi xidmətlərə görə”, 2005-ci ildə “Vətənə xidmətə görə”, 2010-cu ildə “İgidliyə görə”, 2012-ci ildə “Azərbaycan Bayrağı”, 2013-cü ildə II dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı ildə I dərəcəli “Vətənə xidmətə görə”, 2019-cu ildə III dərəcəli “Rəşadət”, 2020-ci ildə “Zəfər” orden və medalları ilə təltif edilib.
2018-ci ildə “general-mayor”, 2022-ci ildə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medallarını və “Zəfər” ordeni ilə təltif edilib.






