İlahiyyatçı alim: "Azərbaycanda Məhərrəm ayı daha uyğun formada qeyd olunur"

Nərmin Qocamanlı
İlahiyyatçı alim: "Azərbaycanda Məhərrəm ayı daha uyğun formada qeyd olunur"

“Artıq dünyanın dörd bir tərəfində İslam aləmi Məhərrəmliklə baş-başa qaldı. Məhərrəm ayı hər il özü ilə bərabər böyük bir hüzn, kədər, qəm gətirir. Ona görə də müsəlman aləmində bu aya birmənalı baxılmır"-bu fikirləri “Operativ Media”ya açıqlamasında ilahiyyatçi alim Ağa Hacıbəyli bildirib.

İlahiyyətçi qeyd edib ki, ölkəmizdə bu məsələ daha uyğun bir şəkildə qeyd olunur. Çünki özəlliklə son illərdə məscidlərimizin xidmətinə göndərilən imamların seçilməsi bu sahədə də birliyimizə kifayət qədər dəstək verir. 
“Yanlış dediyimiz zaman təbii ki, hər hansı bir işin təməlindən həqiqətə uyğun olmayan varsa, o yanlış sayılır. Nə qədər doğru bir addım atılmış olsa da, həqiqəti ehtiva etmir. İslami həqiqətlər də belədir. Əgər islam dinini doğru-düzgün təbliğ etməsək, o dinin əvəzinə hansısa başqa bir şeyləri təbliğ etsək, nə qədər gözəl pafoslu görünsə də, 5-10 gündən sonra onun yaraları ortaya çıxır. Və bundan insanlar əziyyət çəkirlər. Bu baxımdan İslam dininin qabığında deyil onun ruhuna enən həqiqətlərlə baş-başa qalan insanların təbliğ etdiyi dəyərlərdə də tərəflər daha gerçək mənası ilə öyrənmiş olurlar".

Ağa Hacıbəyli Aşura zamanı edilən yanlışlardan da danışıb.

“Məhərrəmlik ayı dediyimiz zaman Aşuradan söhbət gedir. İnsanlıq tarixində çox böyük məktəblərdən biri şəhadət məktəbidir. Eyni zamanda qardaşlıq məktəbidir, dinə qarşı, mənəviyyata qarşı bir birlik məktəbidir. Çalışaq ki, bu günlər ərzində biz də dəyərləri qoruyaq. Məhərrəm ayında insanlar çalışırlar toy düyün eləməsinlər, özlərini hüznə, kədərə yönəldirlər. Bu kədər hüzndən daha ziyadə öz daxili aləmimizə baxmamıza ehtiyac var. Namazındakı qüsurları aradan götürsün. Eyni zamanda qohum əqrəba ilə münasibət kəsilibsə, onu düzəltməyə çalışsın. İş yerində kiminsə qəlbini qırıbsa, getsin ondan halallıq alsın. Yəni bir halallaşma toplumu olsun ki, Allahın rəhməti insanların qəlblərinə ensin. Bir sözlə insanımızın üzünü güldürək ki, səmanın üzü də üzümüzə gülsün bu mübarək günlərdə”.

Digər xəbərlər