Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə məskunlaşma artıq 2 ildir ki, başlayıb. Laçın və Kəlbəcər yaylaqlarına fermerlərin köçü ilə bu ərazilərə yenidən həyat qayıdıb. Lakin son bir neçə gündür ki, sosial şəbəkələrdə Laçın və Kəlbəcərdən olan olan fermerlər özləri ilə qaz balonu apara bilmədiklərindən şikayət edirlər.
“Operativ Media”ya danışan fermerlər deyir ki, sərt iqlimi olan Laçın və Kəlbəcərdə çıxılmaz vəziyyətdə qalıblar. Quru ağac belə kəsməyə icazə olmadığından özləri ilə obalara qaz balonu apararaq yeməklərini bu qaydada bişirirlər. Ötən il heç bir problem olmasa da, bu il artıq polis postlarında onlara icazə olmadığı və təhlükəli yük daşıdıqları üçün cərimə təyin edildiyini deyirlər. Bəs görəsən şəxsi avtomobildə qaz balonu daşımaq həqiqətən qanunsuzdurmu?
Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov “Operativ Media”ya bildirib ki, ölkəmizdə təhlükəli yüklərin avtomobillə daşınması qaydaları var.
“Nazirlər Kabineti həmin qaydaları 27 yanvar 2000-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edib. Həmin qərarda təhlükəli yüklərin daşınması qaydaları, şərtləri və s. hamısı göstərilib. Bu qaydaların 1.2-ci bəndində deyilir ki, təhlükəli yüklərin məhdud miqdarda daşınmasına, ümumi qaydalar şamil edilmir. Ümumi qaydalar dedikdə Fövqəladə Hallar Nazirliyindən sertifikatı olan avtomobillər, sürücünün ayrıca təhlükəli yüklərin daşınması üzrə nəqliyyat vasitəsinin idarəetməyə buraxılış sənədi və s. nəzərdə tutulur".
Ekspertin sözlərinə görə, dünyanın hər yerində belə bir qanun var ki, təhlükəli maddə sayılan məhsullar az miqdarda qablaşdırılmış formada satılır. İstənilən avtomobildə daşına bilər və heç kim buna cərimə edə bilməz.
“Həmin maddələr böyük miqdarda məsələn bir "Qazel"in bortu balonlarla dolu olarsa, o zaman bu təhlükəli maddələrin daşınması qaydalarına riayət edilməlidir. Bunun üçün lazımi sertifikatlar, buraxılış sənədi omalıdır. Amma bir balon, üç balon yük avtomobilində daşına bilər. Buna görə heç bir irad tutula bilməz, heç bir cərimə tərtib edilə bilməz. Bu qanunvericiliyin bir nömrəli tələbidir".






