Uşaqlar neçə yaşından sonra cizgi filmlərə baxmalıdırlar? – AÇIQLAMA

Nərmin Qocamanlı
Uşaqlar neçə yaşından sonra cizgi filmlərə baxmalıdırlar? –  AÇIQLAMA

Uşaqlar kiçik yaşlarından cizgi filmləri sayəsində dünyanı dərk etməyə başlayırlar. Lakin bəzi cizgi filmlərində göstərilən animasiyalar uşaqların psixologiyasına mənfi təsir edir. Övladını gələcəyə intellektual və alicənab şəkildə hazırlamaq istəyən valideynlər onların baxması üçün cizgi filmlərini düzgün seçməlidirlər. Bəs uşaqlar hansı yaşdan və hansı tərz cizgi filmlərinə baxa bilərlər?

Psixoloq Fərqanə Mehmanqızı “Operativ Media”ya verdiyi açıqlamada bildirib ki, uşaq dərk etməyə başlayandan etibarən öyrədici cizgi filmlərinə baxa bilər:

"Valideyn uşaqla birlikdə oturub onun baxdığı cizgi filminə başdan sonadək baxmalıdır və gördüyü səhnələrin onda hansı hislər oyatdığına fikir verməlidir. Adətən, şiddət, dava-dalaş tərkibli cizgi filmləri uşaqlar üçün tövsiyə edilmir. “Süngər Bob”, “Maşa və ayı”, “Tom və Ceri” və s. cizgi filmləri daha məşhurdur.

Lakin, çox təəssüf ki, Azərbaycanın özünəməxsus, mental dəyərlərinə uyğun cizgi filmləri yoxdur. Əgər özümüzün istehsal etdiyi  heyvanları, yaxud rəng və ya rəqəmləri öyrədən  cizgi filmləri olsaydı,  bu uşaqların inkişafına daha çox kömək edərdi”.

Psixoloqun sözlərinə görə keçmiş dövrün cizgi filmləri uşaqlar üçün daha məqsədəuyğundur:
“Çünki orada beyində qıcıq yaradan musiqilər olmur, qəribə animasiyalara yer verilmir, reallığa uyğun olur və ictimai etikanı qoruyur, həmçinin müəyyən ideya ötürür. Lakin bu da uşaqda ikidillilik yaradır, çünki onların baxdıqları cizgi filmin dili ilə ailədə eşitdikləri və danışdıqları dil fərqli olur”.


Sevinc İbrahimzadə

Digər xəbərlər