
Yeni dərs ilinin başlaması ilə tələbələrin kirayə problemi də daha çox hiss edilməkdədir. Əvvəlki illərlə müqayisədə kirayə mənzil bazarında qıtlıqla yanaşı, bahalaşma da var.
“Operativ Media” xəbər verir ki, ötən il olduğu kimi bu il də yeni tədris ili ərəfəsində kirayə mənzillərin qiymətləri 10% ətrafında artıb. Bununla belə indi mərkəzdə ev tapmaq müşkül məsələdir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, kirayə mənzil bazarında canlanma olsa da, kirayə mənzil tapılmır.
“Əvvəllər metro yaxınlarında ev təklifləri çox olurdu. Tələbələr də universitet yaxınlığında ev tapmağa üstünlük verirdi. İndi isə tələbələr əsasən ən yaxşı halda 3 və 4-cü zonalardan, yəni mikrorayonlar, Nizami rayonu, Suraxanı, Binəqədi, həmçinin Xırdalan və Abşeronun digər ərazilərindən ev tapa bilirlər. 3 və 4-cü zonalarda əvvəllər birotaqlı mənzillərin qiyməti 250 manat idisə, indi avtomatik olaraq 300 manat və daha bahadır. 2 və 3 otaqlı əvvəllər 350-400 manat idisə, indi 400-450 və 500 manatadır. 3 və 4 otaqlılar isə 600-650 idisə, indi 700-750 və daha baha təklif edilir''.
Nofəl Quliyevin sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır.