Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, sentyabrın 15-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl Muxtar Babayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Digər xəbərlər