"Bağça yaşlı uşaqların tez-tez xəstələnməsi valideynlər və pedaqoqlar arasında ən çox narahatlıq doğuran məsələlərdəndir. Bu əslində uşaqların immun sisteminin inkişaf prosesi ilə sıx bağlıdır. Bağçaya başladıqda uşaq ilk dəfə böyük bir kollektivə daxil olur və burada daha çox mikroorqanizmlə qarşılaşır. Bu səbəbdən bağça yaşlı uşaqlarda ildə bir neçə dəfə respirator virus infeksiyaları, soyuqdəymə, qrip, angina, qulaq infeksiyaları və hətta bağırsaq infeksiyaları müşahidə oluna bilər. Normal şəraitdə ildə 6–8 dəfə respirator xəstəlik keçirmək bu yaş qrupu üçün təbii sayılır, lakin xəstəliklərin çox ağır keçməsi və ya fəsad verməsi artıq diqqət tələb edir".
Bu sözləri Operativ Media-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova bildirib.
Onun sözlərinə görə, bağçaya gedən uşaqlarda tez-tez xəstələnmənin səbəbləri arasında yalnız zəif immunitet deyil, həm də gigiyenik qaydalara tam riayət olunmaması, otaqların düzgün havalandırılmaması, uşaqların düzgün geyindirilməməsi və psixoloji adaptasiya çətinlikləri də dayanır: “Uşaqlar yeni mühitə daxil olduqda emosional gərginlik keçirə bilirlər. Bu gərginlik immun sistemi zəiflədərək yoluxucu xəstəliklərə meyilliyi artırır. Bundan başqa, bağçada çoxsaylı uşaq eyni oyuncaqlardan istifadə etdiyindən mikrobların yayılması asanlaşır”.
Səbinə Məmmədovanın sözlərinə görə, bağçaların sağlamlıq baxımından əsas tələblərə cavab verməsi uşaqların yoluxma riskini əhəmiyyətli dərəcədə azalda bilər: “Otaqlar gün ərzində bir neçə dəfə havalandırılmalı, dezinfeksiya işləri mütəmadi aparılmalıdır. Hər bir uşağın şəxsi gigiyena vasitələri – dəsmalı, yataq dəsti və qab-qacağı olmalıdır. Yemək menyusu balanslaşdırılmış şəkildə tərtib olunmalı, uşaqlar təbii qida və vitaminlərlə təmin edilməlidir. Xüsusilə mövsümi xəstəliklərin yayıldığı dövrlərdə bağçalarda profilaktik tədbirlər gücləndirilməli, xəstə uşaqların kollektivdən təcridi təmin edilməlidir. Personal hər zaman tibbi müayinədən keçməli, uşaqlarla təmasda olarkən gigiyenik qaydalara ciddi riayət etməlidir”.
O,vurğulayıb ki, pediatrların bağça yaşlı uşaqlara verdiyi tövsiyələr həm valideynlər, həm də pedaqoqlar üçün yol göstərici rolunu oynayır: “İlk növbədə uşaqlar bağçaya başlamazdan öncə pediatr tərəfindən ümumi müayinədən keçirilməli, lazım olduqda immun sistemi gücləndirici tədbirlər görülməlidir. Mövsümi vaksinasiya – xüsusilə qripə qarşı peyvənd – bağça uşaqları üçün mühüm qoruyucu addımdır. Həmçinin uşaqların gündəlik qidalanmasında meyvə-tərəvəz, süd məhsulları və zülal tərkibli qidaların olması vacibdir. Valideynlər uşağın kifayət qədər yuxu almasına, təmiz havada hər gün oynamasına və fiziki aktivliyinə diqqət etməlidirlər”.
Səbinə Məmmədova uşaqlarda düzgün geyimin önəmindən də danışıb: “Çox nazik geyindirmək qədər qalın geyindirmək də xəstələnmə riskini artırır. Bağça rəhbərliyi uşaqların paltarlarının dəyişdirilməsi, əl yuma vərdişlərinin öyrədilməsi və izlənməsini təmin etməlidir. Gigiyenik vərdişlərin uşaqlara oyun və təlim yolu ilə öyrədilməsi onların sağlamlığına uzunmüddətli müsbət təsir göstərir".
Məktəbəqədər təhsil müəssisələrində gigiyena və təhlükəsizlik standartlarının icrası necə təmin olunur?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, sanitariya-gigiyena tədbirləri məktəbəqədər təhsil müəssisələrində daim diqqətdə saxlanılır:
"Sanitar normalar və qaydalar tətbiq olunaraq otaqların gündəlik təmizliyi aparılır, döşəmə və mebellər dezinfeksiya edilir, həmçinin havalandırma təmin olunur. Uşaqlara şəxsi gigiyena vərdişləri aşılanır, onlara əllərin düzgün yuyulması və digər gigiyenik qaydalara əməl olunması öyrədilir. Tibbi nəzarət çərçivəsində uşaqların hər səhər ümumi vəziyyəti və temperaturu yoxlanılır, həkim və tibb bacısı tərəfindən mütəmadi baxışlar keçirilir. Bundan əlavə, qida gigiyenası məsələləri də dövlət standartlarına uyğun şəkildə həyata keçirilir. Yeməklərin hazırlanması və saxlanması üçün müvafiq şərait yaradılır, yeməkxana və mətbəx mütəmadi olaraq yoxlanılır. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə 3 ildir əməkdaşlıq edilir, təlimlər keçirilir, qidalar laborator şəraitdə yoxlanılır və maarifləndirici plakatlar hazırlanır".
MÜTDA-dan bildirilib ki, təhlükəsizlik tədbirlərinə müəssisələrdə xüsusi önəm verilir: "Bina və avadanlıqların təhlükəsizliyi üçün elektrik sistemləri, isitmə və havalandırma cihazları mütəmadi olaraq yoxlanılır, təhlükəli əşyalar uşaqlardan uzaqda saxlanılır. Oyun meydançaları təhlükəsiz materiallardan hazırlanır və mütəmadi baxışdan keçirilir. Həmçinin, nəzarət sistemi vasitəsilə müəssisəyə giriş-çıxış təşkil olunur, kənar şəxslərin nəzarətsiz hərəkətinə icazə verilmir. Bütün bu tədbirlər məktəbəqədər təhsil müəssisələri tərəfindən icra edilir və yerli təhsil idarələrinin nəzarəti altında həyata keçirilir".
Ayşən Sadıxzadə