Menyu

Dəri xərçənginin erkən tanınması: xalların dəyişikliyinə nə vaxt diqqət etməli?

Ayşən Sadıxzadə
Dəri xərçənginin erkən tanınması: xalların dəyişikliyinə nə vaxt diqqət etməli?
2 dəq oxu

Dəridə yaranan xalların əksəriyyəti zərərsiz olsa da, onların ölçüsündə, rəngində və formasında baş verən dəyişikliklər bəzən dəri xərçənginin ilkin əlaməti ola bilər. Xüsusilə melanoma erkən mərhələdə aşkarlandıqda daha uğurla müalicə olunur.

Bu sözləri Operativ Media-ya onkoloq-mammoloq Rəna Niftəliyeva deyib.

O bildirib ki, buna görə də xalların mütəmadi yoxlanılması və şübhəli dəyişikliklər zamanı dermatoloqa müraciət edilməsi vacib hesab olunur:

“Dəridə ən çox rast gəlinən zərərsiz piqment ləkələrindən biri xallardır. Onların bəziləri anadangəlmə olur, digərləri isə həyat boyu yaranır. Lakin bəzi xallarda baş verən dəyişikliklər dəri xərçənginin ilkin əlaməti ola bilər. Buna görə də xüsusilə diqqətli olmalıyıq. Çünki melanoma erkən mərhələdə aşkarlandıqda daha uğurla müalicə olunur.

Bədəndə hər hansı xal varsa və həmin xalda dəyişiklik müşahidə edilirsə, buna diqqət yetirmək lazımdır. Yeni yaranmış dəyişiklik olduqda isə onun xarakterini müəyyənləşdirmək üçün dermatoloqa müraciət edilməlidir.

Ümumiyyətlə, dəridə müxtəlif növ xallar olur və onların heç də hamısı təhlükəli deyil. Xalı yoxlayarkən bir neçə əsas əlamətə diqqət yetirmək lazımdır. İlk növbədə, xalın asimmetrik olub-olmadığına baxılmalıdır. Yəni onun bir tərəfi digər tərəfinə bənzəyirmi? Daha sonra kənarları yoxlanılmalıdır. Xalın sərhədləri nahamar və qeyri-dəqiqdirsə, bu, diqqət tələb edən əlamət ola bilər.

Digər vacib məqam xalın rəngidir. Eyni xalın daxilində müxtəlif rənglər yaranırsa, mütləq həkimə müraciət etmək lazımdır. Həmçinin xalın ölçüsünə diqqət yetirilməlidir. Uzun müddət ölçüsü və rəngi dəyişməyən xallar adətən daha az şübhə doğurur. Lakin xal böyüyürsə və ya ölçüsündə dəyişiklik yaranırsa, dermatoloq müayinəsi vacibdir.

Bundan başqa, xalda qaşınma, qanama, qabıqlanma və ya forma dəyişikliyi müşahidə olunarsa, gecikmədən həkimə müraciət edilməlidir.

Bir məqamı da qeyd etmək lazımdır ki, melanoma adlı dəri xərçəngi hər zaman xal şəklində özünü göstərmir. Bəzən kiçik bir ləkə formasında da meydana çıxa bilər. Bu səbəbdən hər ləkənin təhlükəli olduğunu düşünmək düzgün deyil. Lakin dəridə yeni yaranan, xüsusilə də dəyişiklik göstərən ləkələr dermatoloq tərəfindən qiymətləndirilməlidir.

Dəri xallarını vaxtında yoxlamaq, yeni yaranan və dəyişən xallara diqqət yetirmək sağlamlığımız baxımından mühüm əhəmiyyət daşıyır. Sağlamlıq diqqətdən başlayır. Buna görə də digər orqanlarımız kimi dərimizin sağlamlığına da xüsusi diqqət göstərməliyik”.

Əlaqəli Xəbərlər